Batabat yaylağında təmizlik aksiyası təşkil olunub

Naxçıvanda “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququ vardır” devizi altında təmizlik aksiyası keçirilib.

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən SİA-nın bölgə müxbirinə bildirilib ki, nazirlik tərəfindən növbəti aksiya Şahbuz rayonunun Batabat yaylağı ərazisində baş tutub.

Zəruri sanitar ləvazimatlarla təmin olunan aksiya iştirakçıları insanların istirahət üçün üz tutduqları ərazidəki yaşıllıq sahələrində məişət tullantılarını toplayıb, ictimaiyyətə ətraf mühitin mühafizəsi ilə bağlı çağırışlar ediblər.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən mütəmadi olaraq ekoloji-hüquqi maarifləndirmə işləri aparılır, eyni zamanda ətraf mühiti çirkləndirən şəxslərə qarşı inzibati tədbirlər görülür.

Bütün xəbərlər Facebook səhifəmizdə