Azərbaycan nümayəndə heyəti Bəhreyndə keçirilən festivalda uğurlu çıxış edib - FOTOLAR
Bəhreyn Krallığında keçirilən “Mara’ee 2025” festivalı regionun ən əhəmiyyətli mədəni hadisələrindən biri kimi beynəlxalq auditoriyanın marağına səbəb olub. Festival ölkənin tarixi ənənələrini, təsərrüfat mədəniyyətini və müasir baxışını bir araya gətirən geniş proqramı ilə seçilərək mədəniyyətlərarası dialoq üçün mühüm platforma rolunu oynayır.
Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən SİA-ya verilən məlumata görə, həmin tədbirdə Azərbaycan nümayəndə heyəti xüsusi proqramla çıxış edərək festivalın ən yaddaqalan iştirakçısına çevrilib. Təqdim olunan səhnə kompozisiyaları yüksək peşəkarlıq, dəqiqlik və estetik yanaşma ilə seçilərək tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Çıxışlar vahid bədii konsepsiya əsasında qurulub, milli ruhu və səhnə mədəniyyətini dinamik formada əks etdirib.
Azərbaycan tərəfi festival çərçivəsində dekabrın 8-dən 13-dək hər gün iki dəfə səhnəyə çıxaraq proqramın ən intensiv və davamlı təqdimatlarından birini həyata keçirib. Həmin çıxışlar ölkəmizin zəngin mədəni irsini, intizamlı hazırlıq səviyyəsini və beynəlxalq səhnədə layiqli təmsilçilik qabiliyyətini bir daha nümayiş etdirib.
Festival çərçivəsində Azərbaycan tərəfindən təqdim olunan səhnə proqramında DSX-nin süvarilər heyəti, orkestr və rəqs kollektivləri iştirak edib. Həmin kollektivlərin birgə və ahəngdar çıxışları tədbirin ümumi konsepsiyasına xüsusi dinamika qataraq, Azərbaycan mədəniyyətinin intizam, ənənə və peşəkarlıq üzərində qurulan təqdimatını beynəlxalq auditoriyaya nümayiş etdirib. “Mara’ee 2025” ölkəmizin mədəni təmsilçiliyinin uğurla həyata keçirdiyi mühüm beynəlxalq platformalardan biri olub.
Festivalın yekununda Azərbaycan komandası Bəhreynlə ləyaqətlə vidalaşaraq, ölkənin mədəni yaddaşında dərin və xoş iz buraxıb, iki ölkə arasında mədəni əlaqələrin daha da möhkəmlənməsinə töhfə verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB