“Uşaqların onlayn radikallıq və manipulyasiyaya qarşı qorunması vacibdir” - Asəf Qənbərov
“Hökumət və dövlət səviyyəsində, hətta məktəb yaşında olan uşaqlar üçün belə bu məsələ artıq çox vacibdir. Sosial şəbəkə və internetin bu qədər yayğın olduğu bir dövrdə düşünməliyik ki, uşaqlar qloballaşmış cəmiyyətin içində müxtəlif bilgilərə çıxış əldə edirlər və bu, onların zərərli fikirlərə, radikal cərəyanlara, ideoloji qruplara və yanlış məlumatlara məruz qalmasına səbəb ola bilər". SİA xəbər verir ki, bu sözləri Azərbaycan İlahiyyat İnstitutunun İlahiyyat fakültəsinin dekan müavini, sosiologiya üzrə fəlsəfə doktoru, dosent Asəf Qənbərov “Dini düşüncə mədəniyyəti: pedaqoji perspektivlər” mövzusunda keçirilən konfransın panel müzakirəsində çıxışı zamanı deyib.
O bildirib ki, internet və sosial şəbəkələrdə yayılan informasiyalar hər zaman açıq və şəffaf deyil: “Çox zaman məlumatlar qapalı icmalar, onlayn qruplar və gizli platformalar vasitəsilə yayılır. Artıq ‘onlayn radikallıq’ anlayışı formalaşıb. Radikal düşüncələr yalnız fiziki məkanda yox, onlayn mühitdə də yayılır. İnsanlar evdən çıxmadan bir ideologiyaya qoşula və onun təsiri altına düşə bilirlər".
Asəf Qənbərov vurğulayıb ki, müəllimlər, valideynlər və cəmiyyət bu riskləri nəzərə alaraq uşaqların qorunması üçün tədbirlər görməlidir: “Onlara hansı bilikləri və bacarıqları öyrətməliyik ki, doğru ilə yanlışı ayırd edə bilsinlər? Çünki bu informasiyalar arasında yalnız doğru deyil, radikal, xurafat dolu və emosional manipulyasiyaya yönəlmiş materiallar da olur. Onlar sanki bir "virtual kilsə" kimidir — milyonlarla insana eyni fikri ötürür, onları emosional və psixoloji təsir altına salır".
Dekan müavini qeyd edib ki, bu səbəbdən emosional təsir üsullarını tanımaq, uşaqlara tənqidi düşüncə və media savadlılığı öyrətmək çox vacibdir: “Məqsəd — onların bu cür manipulyativ təsirlər qarşısında dayana bilməsi, müstəqil qərar verə bilməsi və informasiya bolluğu içində sağlam seçim edə bilməsidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB