“Gənclər həm milli dəyərləri qorumalı, həm də digər mədəniyyətlərə hörmət etməlidir” - Elnur Əzimli
“Görünməyən, amma daha çox arzulanan dəyərlər adətən xalqın mənəviyyatında formalaşır. Bunlar adət-ənənələrdə, davranışlarda, məsələn, səmimiyyət, doğruluq, əxlaqi keyfiyyətlər kimi özünü göstərir və milli-mənəvi dəyərlər adlanır. Milli-mənəvi dəyərlər hər bir xalqın özünəməxsus xüsusiyyətlərini əks etdirir və onu digər xalqlardan fərqləndirir. Azərbaycana xas olan adət-ənənələr, davranış formaları və münasibətlər sistemi Azərbaycan milli dəyərləridir və onları rus, ingilis və ya avropalılardan fərqləndirir". SİA xəbər verir ki, bu sözləri Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, "Süleyman" məscidinin imamı, sosiologiya üzrə fəlsəfə doktoru Elnur Əzimli “Dini düşüncə mədəniyyəti: pedaqoji perspektivlər” mövzusunda keçirilən konfransın panel iclasında çıxışı zamanı deyib.
O bildirib ki, milli-mənəvi dəyərlər əsasən gənc nəslə ötürülür və bu proses ailədə, cəmiyyətdə sosiallaşma və məktəbdə baş verir. Məktəb burada xüsusi əhəmiyyət daşıyır, çünki uşaqların böyük hissəsi burada həm formal, həm də qeyri-formal yolla dəyərləri öyrənirlər. Məktəbin funksiyası yalnız akademik biliklərin verilməsi ilə məhdudlaşmır, həm də əxlaq və sosial davranış modellərinin öyrədilməsi ilə milli-mənəvi dəyərlərin formalaşmasına xidmət edir.
Elnur Əzimli vurğulayıb ki, dəyərlər zamanla dəyişə bilər, lakin sürətli və qeyri-təbii dəyişikliklər problemlərə səbəb olur. Texnologiyanın inkişafı və qloballaşma nəticəsində gənclər bəzən milli dəyərlərdən uzaqlaşır və digər xalqların mədəniyyətlərinə meyl edir. Bu zaman həm öz milli dəyərlərini qorumaq, həm də digər xalqların dəyərlərinə hörmətlə yanaşmaq vacibdir. O bildirib ki, bu tarazlıq məktəblərdə düzgün tədris və maarifləndirmə yolu ilə təmin oluna bilər və nəticədə gənclər həm milli kimliklərini qoruyar, həm də qloballaşan dünyada daha güclü şəkildə addımlaya bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB