“Dini biliklərin düzgün ötürülməsində ən etibarlı mənbə təhsildir” - Gündüz İsmayılov

“Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən dini maarifləndirmə işi çərçivəsində il ərzində müxtəlif tədbirlər keçirilmiş və artıq bu tədbirlərin yekunlaşdırılması mərhələsindəyik. İndiyədək regionlarımızda bir sıra konfranslar təşkil olunub, eyni zamanda müxtəlif sahələrdə çalışan şəxslər üçün də maarifləndirici tədbirlər həyata keçirilib". SİA xəbər verir ki, bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov “Dini düşüncə mədəniyyəti: pedaqoji perspektivlər” mövzusunda keçirilən konfrans zamanı jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bugünkü tədbir Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə birgə təşkil olunub: “Konfrans ‘Dini düşüncə mədəniyyəti və pedaqoji perspektivlər’ mövzusuna həsr edilib. İştirakçılar əsasən Bakı şəhərinin müxtəlif rayonlarından olan məktəb direktorları, direktor müavinləri – xüsusilə təlim-tərbiyə işləri üzrə məsul şəxslər, psixoloqlar və digər pedaqoqlardır".

Sədr müavini qeyd edib ki, konfrans iki paneldən ibarətdir və əsas moderatorlar və çıxışçılar Elm və Təhsil Nazirliyinin nümayəndələri, Azərbaycan İlahiyyat İnstitutunun və Bakı İlahiyyat Kollecinin müəllim heyətidir: “Məqsədimiz mövzunu həm nəzəri, həm də pedaqoji aspektdən müzakirə etməkdir".

Gündüz İsmayılov Azərbaycanda dini biliklərin əsasən üç mənbədən əldə olunduğunu diqqətə çatdırıb: “Birinci mənbə ailədir. Lakin bütün ailələrin dini bilikləri kifayət qədər və düzgün olmur. İkinci mənbə kütləvi informasiya vasitələri və sosial şəbəkələrdir ki, burada da çox vaxt qeyri-dəqiq və təhrif olunmuş məlumatlara rast gəlinir. Üçüncü mənbə isə ibadət yerləri və din xadimləridir. Bu sahədə savadlı və dünyəvi biliklərə malik din xadimləri olsa da, yanaşma və bilik səviyyəsi hər yerdə eyni deyil". O vurğulayıb ki, bu üç mənbənin tam etibarlı olmaması fonunda ən optimal çıxış yolu təhsildir: “Dini biliklərin, milli-mənəvi dəyərlərin düzgün şəkildə ötürülməsi üçün ən etibarlı alternativ mənbə məhz məktəblər və təhsil sistemidir".

Komitə sədrinin müavini qeyd edib ki, Azərbaycan dünyəvi dövlətdir və bu prinsip təhsildə də qorunur: “Bu o deməkdir ki, təhsildə şəriətə əsaslanan dini tədris mümkün deyil və olmamalıdır. Amma din yalnız şəriətdən ibarət deyil. Onun mədəni və mənəvi tərəfi də var və məhz bu aspektdən məktəblərin imkanlarından istifadə etmək olduqca vacibdir".

Gündüz İsmayılov əlavə edib ki, konfransda əsas müzakirə mövzuları dini radikalizmlə, xurafatla və məzhəbçiliklə mübarizə, eyni zamanda milli-mənəvi dəyərlərin gənc nəslə düzgün şəkildə çatdırılması və bu prosesdə pedaqoji yanaşmaların rolu olacaq: “Təhsil sistemi bu baxımdan ən güclü və təsirli vasitələrdən biridir".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə