“Milli-mənəvi dəyərlərin formalaşmasında təhsil sisteminin rolu həlledicidir” - Firudin Qurbanov

“Ölkənin gücünün əsasında onun iqtisadi qüdrəti, güclü ordusu və həyata keçirilən uğurlu dövlət siyasəti dayanır. Bu siyasətin təməlində isə Ümummilli Lider Heydər Əliyevin uzaqgörən və məqsədyönlü dövlətçilik fəaliyyəti durur. Məhz Ulu Öndərin rəhbərliyi dövründə Azərbaycanın iqtisadi əsasları formalaşdırılıb və bu baza bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir". SİA xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının elm və təhsil nazirinin müavini Firudin Qurbanov “Dini düşüncə mədəniyyəti: pedaqoji perspektivlər” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Nazir müavini bildirib ki, 1990-cı illərin əvvəllərində ölkədə mövcud olan ağır ictimai-siyasi və iqtisadi şəraitdə dövlətin iqtisadi əsaslarını bərpa etmək hər kəsin bacara biləcəyi iş deyildi: “Lakin bu çətin mərhələdə düzgün strategiya müəyyən olundu və nəticədə güclü iqtisadi baza formalaşdı. Bu iqtisadi potensial sonradan ölkəmizin ərazi bütövlüyünün bərpası üçün də həlledici rol oynadı. Qazanılan qələbədə ordumuzun, gənclərimizin qəhrəmanlığı ilə yanaşı, təhsil sistemində formalaşdırılan vətənpərvərlik ruhunun da böyük payı var".

Firudin Qurbanov vurğulayıb ki, milli-mənəvi dəyərlərin formalaşmasında təhsil sisteminin rolu danılmazdır: “Biz gəncləri yalnız bilik və bacarıqlarla deyil, eyni zamanda sağlam düşüncə tərzi və milli-mənəvi dəyərlər əsasında formalaşdırmalıyıq. Çünki bu gün formalaşdırdığımız uşaq sabahkı cəmiyyətin aynasıdır. Təhsil sisteminin üzərinə düşən məsuliyyət də məhz bundan ibarətdir".

Nazir müavini çıxışının ikinci hissəsində müasir dövrdə dini-mədəni dəyərlərin və informasiya mühitinin təsirinə toxunub: “Dünyanı dərk etməyin üç əsas yolu var – elm, hiss və din. Din cəmiyyətə düzgün və sağlam formada təqdim olunmalıdır. Onun zorla və ya yanlış üsullarla təbliği qəbuledilməzdir. Təəssüf ki, müasir texnologiyalar və internet mühiti bəzən bu sahədə risklər yaradır".

O qeyd edib ki, informasiyanın formal və informal yollarla əldə olunması gənclərin dünyagörüşünə birbaşa təsir göstərir: “Formal yol təhsil müəssisələri vasitəsilə verilən sistemli biliklərdir. İnformal yol isə sosial şəbəkələr və müxtəlif rəqəmsal platformalar üzərindən yayılan məlumatlardır. Bu məlumatların bir qismi faydalı olsa da, digər hissəsi təhlükəli məzmun daşıya bilər və düzgün istiqamətlənmədikdə mənfi nəticələrə səbəb ola bilər".

Firudin Qurbanov vurğulayıb ki, müasir çağırışlar fonunda təhsil sistemi bu proseslərə adekvat cavab verməlidir: “Biz gənclərin informasiya bolluğu şəraitində düzgün seçim etməsinə yardımçı olmalı, onların düşüncə sistemini sağlam əsaslar üzərində qurmalıyıq. Bu, həm milli-mənəvi dəyərlərin qorunması, həm də ölkəmizin gələcəyinin təmin olunması baxımından olduqca vacibdir".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə