“Dini biliklərin düzgün ötürülməsi cəmiyyətin sağlam inkişafı üçün vacibdir” - Gündüz İsmayılov

“Azərbaycan cəmiyyətində dinlə bağlı biliklər əsasən üç əsas mənbədən əldə olunur. Bunlar ailə, kütləvi informasiya vasitələri və internet mühiti, eləcə də ibadət evləri və din xadimləridir. Cəmiyyətimizdə dinə dair təsəvvürlər və yanaşmalar məhz bu üç istiqamətdə formalaşır". SİA xəbər verir ki, bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov “Dini düşüncə mədəniyyəti: pedaqoji perspektivlər” mövzusunda keçirilən konfransda çıxışı zamanı səsləndirib.

Sədr müavini bildirib ki, ailə institutu dinlə bağlı ilkin təsəvvürlərin formalaşmasında mühüm rol oynasa da, bütün ailələr bu sahədə yetərli və düzgün biliklərə malik deyil: “Bəzi ailələrdə dini biliklər natamamdır, bəzi hallarda isə yanlış və hətta zərərli təsəvvürlər mövcuddur. Bu isə gənc nəslin dünyagörüşünə birbaşa təsir edir".

Gündüz İsmayılov kütləvi informasiya vasitələri və internet məkanında yayılan dini məlumatlara da diqqət çəkib: “Təəssüf ki, sosial şəbəkələrdə və müxtəlif internet resurslarında dinlə bağlı çoxlu sayda qeyri-dəqiq, ziddiyyətli və qərəzli məlumatlara rast gəlinir. Bu da dini biliklərin sağlam formada ötürülməsinə mane olur".

O, din xadimlərinin və ibadət evlərinin rolunun mühüm olduğunu vurğulamaqla yanaşı, əsas diqqətin biliklərin necə və hansı formada çatdırılmasına yönəldilməli olduğunu qeyd edib: “Əsas məsələ yalnız nəyi demək deyil, onu necə deməkdir. Dini tərbiyə ailənin hüququdur, dini təhsil isə xüsusi və məqsədli şəkildə həyata keçirilir. Amma dinlə bağlı mədəni və mənəvi biliklərin verilməsi olduqca vacibdir".

Sədr müavini bildirib ki, xüsusilə dini radikalizm, xurafat və məzhəbçiliklə mübarizədə təhsil müəssisələrinin rolu əvəzsizdir: “Bu baxımdan məktəblərimizdə dinin mədəni və mənəvi tərəflərinin düzgün şəkildə izah olunması böyük əhəmiyyət daşıyır. Təhsil bu sahədə ən potensiallı platformalardan biridir".

Gündüz İsmayılov vurğulayıb ki, Azərbaycan dünyəvi dövlətdir və təhsil sistemi də dünyəvilik prinsiplərinə əsaslanır: “Bu, Konstitusiyamızdan irəli gələn əsas prinsipdir və mütləq şəkildə qorunmalıdır. Lakin unutmamalıyıq ki, din yalnız şəriət qaydalarından ibarət deyil, onun mənəvi və mədəni tərəfi də mövcuddur".

O əlavə edib ki, müəllimlər cəmiyyətdə dinlə bağlı məsələlərdə istər-istəməz mövqe bildirən tərəfə çevrilirlər: “Müəllimlər bu məsələlərə münasibət bildirmək məsuliyyəti daşıyırlar. Bu baxımdan onların dini mövzulara yanaşması balanslı, dünyəvi və elmi əsaslara söykənməlidir".

Sədr müavini qeyd edib ki, konfrans çərçivəsində aparılan müzakirələr din və təhsil münasibətlərinin düzgün qurulması, gənc nəslin sağlam düşüncə ruhunda formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır: “Bu mövzuların müzakirəsi gələcəkdə daha sistemli və effektiv yanaşmaların formalaşmasına töhfə verəcək".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə