Təbrizdə Ulu Öndər Heydər Əliyevin xatirəsi yad edilib

Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatının 22-ci ildönümü ilə bağlı dekabrın 12-də Azərbaycanın Təbrizdəki Baş Konsulluğunda anım tədbiri keçirilib.

SİA-nın məlumatına görə, Baş Konsulluqdan bildirilib ki, tədbirdə Təbriz şəhərinin meri Davud Gərşasbi, Şərqi Azərbaycan valiliyinin Siyasi, seçki və bölgü məsələləri üzrə Baş idarəsinin rəisi Sadeq Əhmədi, İran Xarici İşlər Nazirliyinin Şimal-Qərb Nümayəndəliyinin rəhbəri Məhəmməd İbrahimi, Türkiyənin Təbriz şəhərində baş konsulu Mete Zaimoğlu, Təbrizdə yaşayan, habelə təhsil alan Azərbaycan vətəndaşları iştirak ediblər.

Tədbirdə çıxış edən Baş konsul Taleh Zöhrabov Azərbaycanın müasir tarixinin böyük bir hissəsinin Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu diqqətə çatdıraraq, dahi şəxsiyyətin bütün fəaliyyətinin ölkəmizin tərəqqisi ilə yanaşı, daha geniş coğrafiyanın inkişafına və xalqların rifahına xidmət etdiyini söyləyib.

Azərbaycan-İran münasibətlərində qarşılıqlı etimadın formalaşmasında Ulu Öndər Heydər Əliyevin tarixi xidmətlərinin olduğunu bildirən T.Zöhrabov, zaman keçdikcə bu xidmətlərin böyük faydalı cəhətlərinin daha aydın göründüyünü vurğulayıb, Ümummilli Liderin müəyyənləşdirdiyi səmimi dostluq və mehriban qonşuluq siyasətinin bütün dünya üçün örnək olduğunu qeyd edib. Bildirilib ki, Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində ölkəmiz daha da güclənib, bütün dünyada nüfuz sahibinə çevrilib.

Tədbirdə, həmçinin Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş film nümayiş etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə