Dövlət Agentliyində Ümummilli Liderin xatirəsi yad edilib

Dekabrın 12-də Starteji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin (SOMDA) rəhbərliyi və şəxsi heyəti anım günü münasibətilə Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib.

SİA xəbər verir ki, Agentliyin mətbuat xidmətindən verilən məlumata görə, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyeva, tanınmış dövlət xadimi Əziz Əliyev və professor Tamerlan Əliyevin də xatirələri yad edilib, məzarları üzərinə gül dəstələri düzülüb.

Ziyarətdən sonra agentliyin konfrans zalında anım tədbiri keçirilib. Tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda edənlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Agentliyin rəisi, general-mayor Sərdar Səfərov ötən əsrin 90-ci illərində xalqın tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndərin qısa zaman kəsiyində ölkəmizdə sabitliyi, əmin-amanlığı bərqərar etməsini, Azərbaycanın iqtisadi dirçəlişinin əsasını qoyan “Əsrin müqaviləsi”nin imzalanmasını, iqtisadi, sosial və mədəni həyatın bütün sahələrində yüksəlişə nail olunmasını Ümummilli Liderin siyasi iradəsi, təşkilatçılıq və idarəetmə bacarığı ilə əlaqələndirib. Qeyd edilib ki, Ulu Öndərin siyasi kirsunun davamçısı və layiqli varisi, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər, Qarabağa qayıdışın başlanılması Ümummilli Liderin arzularının həyata keçməsidir.

Tədbirin yekununda Ulu Öndərə həsr edilmiş sənədli film nümayiş olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə