“Zərərli vərdişlərlə mübarizə və sağlam həyat tərzi” üzrə könüllü gömrükçülərin III Forumu keçirilib - FOTOLAR

11 dekabr 2025-ci il tarixində Mərkəzi Gömrük Hospitalında Ümummilli Lider H.Əliyevin anım gününə həsr edilmiş “Zərərli vərdişlərlə mübarizə və sağlam həyat tərzi” üzrə könüllü gömrükçülərin III Forumu keçirilib. İlk öncə forum iştirakçıları və rəsmi qonaqlar Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, dahi şəxsiyyətin büstü önünə gül çələngi və tər güllər düzüblər.
Forumda Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, t.ü.f.d., Əməkdar həkim Ceyhun Məmmədov, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, t.e.d., Əməkdar həkim Rəşad Mahmudov, Dövlət Gömrük Komitəsinin İnsan Resursları İdarəsinin rəisi Vüqar Əsgərov, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev, Mərkəzi Gömrük Hospitalının rəisi-Baş həkim, t.e.d. Bəxtiyar Musayev, Dövlət Gömrük Komitəsində könüllülük hərəkatının inkişafı çərçivəsində yaradılan 16-cı “Könüllü gömrükçü” dəstəsinin könüllü gömrükçüləri iştirak ediblər.
Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər.
Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov açılış nitqi ilə çıxış edərək dahi şəxsiyyət, Azərbaycan dövlətinin memarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyi və tərəqqisi naminə həyata keçirdiyi əvəzsiz xidmətlərindən, o cümlədən səhiyyə sahəsinə müstəsna töhfələrindən, bu sahədə həyata keçirdiyi islahatlardan danışıb. C.Məmmədov qeyd edib ki, Azərbaycan Ümummilli Liderin uzaqgörən siyasəti nəticəsində bu gün regionun aparıcı dövlətinə çevrilib. Bu siyasət hazırda onun layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu siyasət öz əksini ölkə iqtisadiyyatında, o cümlədən səhiyyə sahəsində aparılan islahatlarda, qazanılan ugurlarda tapır.
Ulu öndər Heydər Əliyevin gənclərin təşəbbüskarlığını, vətənə xidmətdə fəal mövqe tutmalarını hər zaman yüksək qiymətləndirdiyini qeyd edən İdarə rəisi Ceyhun Məmmədov gənclərin könüllülük fəaliyyətinə cəlb edilməsi hərəkatı artıq bu gün Azərbaycanda da böyük könüllülük hərəkatına çevrilməsini vurğulayıb. Dövlət Gömrük Komitəsi də bu hərəkata aktiv şəkildə dəstək verir. Könüllü gömrükçü dəstələrinin üzvləri Dövlət Gömrük Komitəsinin müxtəlif struktur bölmələrində təcrübə keçərək bilik və bacarıqlarını artırırlar.
Daha sonra tədbirin rəsmi açılış hissəsində Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi Rəşad Mahmudov və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin İnsan Resursları İdarəsinin rəisi Vüqar Əsgərov çıxış edərək zərərli vərdişlərlə mübarizədə könüllülərin rolundan, onların cəmiyyətin sağlam həyat tərzinə yönəldilməsində apardığı maarifləndirici fəaliyyətin əhəmiyyətindən bəhs ediblər. Çıxışlarda qeyd olunub ki, gənclərin fəallığı və sosial məsuliyyəti bu sahədə həyata keçirilən dövlət siyasətinin uğurla icrasına mühüm töhfə verir.
Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini İsmayıl Əfəndiyev “Narkotik və psixotrop maddələrdən sui-istifadə: müasir dövrün aktual problemi və onun qlobal təhlükəsi”, Mərkəzi Gömrük Hospitalının damar cərrahı Səbuhi Dadaşovun “Sağlamlıq və tütünçəkmə: Risklər, fəsadlar və profilaktika”, Mərkəzi Gömrük Hospitalının fizioterapevti Səidə Kərimova “Hərəkətin gücü: Fiziki aktivliyin sağlamlığın qorunmasında və xəstəliklərin profilaktikasında rolu”, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Həkim-Tibb Komissiyasının həkim-psixiatrı Gülay Məmmədzadə “Z-nəslinin psixi sağlamlığının qorunması: Stress menecmenti və emosional sabitlik”, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin elmi-təcrübi tədris mütəxəssisi Şəhla Mirzəzadə “Ulu Öndərin könüllülük irsi – sağlam həyat tərzinin təbliğində könüllülüyün rolu” mövzularında çıxış ediblər. Çıxış edən məruzəçilər tədbir iştirakçılarına mövzular ilə bağlı suallar verib, ən yaxşı cavab verənlərə hədiyyələr təqdim edilib.
Sonra Tibbi Xidmət İdarəsinin Könüllülərinin çəkdikləri video material nümayiş etdirilib.Tədbir xatirə şəklinin çəkilməsi ilə başa çatıb.

Mərkəzi Gömrük Hospitalının
PR mütəxəssisi Dilarə Zamanova

Bütün xəbərlər Facebook səhifəmizdə