“Avtomobilsiz şəhər modeli mərhələli şəkildə uğurla tətbiq oluna bilər” - AYDINLIQ GƏTİRİLDİ
"Avtomobilsiz şəhər modeli müasir urbanizmin ən mühüm istiqamətlərindən biridir və bu modelin tətbiqi hər bir şəhərin coğrafiyası, əhali sıxlığı, ictimai nəqliyyat infrastrukturunun keyfiyyəti və yerli insanların davranış vərdişləri ilə birbaşa əlaqəlidir". Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat eksperti, texnika elmləri üzrə fəlsəfə doktoru, dosent Fərhad Eyyubov deyib.
Onun sözlərinə görə, Avropanın bir çox şəhərlərində xüsusilə Kopenhagen, Amsterdam və Berlinin mərkəzi hissələrində avtomobilsiz zonalar uğurla tətbiq olunur və burada əsas məqsəd hava çirkliliyini azaltmaq, səs-küy yükünü minimuma endirmək, piyadalar üçün təhlükəsiz mühit yaratmaq və şəhər mədəniyyətini canlandırmaqdır: "Azərbaycan reallığına gəldikdə, avtomobilsiz şəhər modelinin tam şəkildə tətbiqi hazırda çətin görünür. Bunun əsas səbəbləri sırasında ictimai nəqliyyat şəbəkəsinin hələ tam olaraq bütün şəhər daxilində optimal şəkildə inteqrasiya olunmaması, bəzi bölgələrdə bərabər paylanmayan yol infrastrukturunun mövcudluğu və vətəndaşların şəxsi avtomobildən asılılıq vərdişlərinin yüksək olması dayanır. Lakin bu, modelin qismən tətbiqinin mümkünsüz olduğu anlamına gəlmir. Mərkəzi küçələrin müəyyən hissələrinin avtomobilsiz zona elan edilməsi, yalnız ictimai nəqliyyat və xüsusi icazəli nəqliyyat vasitələrinin girişinin məhdudlaşdırılması, velosiped yollarının genişləndirilməsi və parklanma siyasətinin sərtləşdirilməsi kimi addımlar real olaraq tətbiq oluna bilər. Həmçinin, şəhərdaxili sirkulyasiyanı asanlaşdırmaq üçün avtobusların intervallarının azaldılması, metro şəbəkəsinin genişləndirilməsi və BRT kimi yüksək sürətli avtobus xəttlərinin yaradılması mütləq şərtdir.
Ən vacib məqam isə odur ki, avtomobilsiz şəhər modeli yalnız qadağalara əsaslanmamalıdır. Sakinlərə daha rahat alternativlər təqdim olunmalıdır. İnsan ictimai nəqliyyatla daha tez, daha rahat və daha ucuz hərəkət edəcəyini hiss etdikdə, avtomobilsiz şəhər anlayışı özü-özünə qəbul olunmuş bir normaya çevrilir. Ümumilikdə, bu model Azərbaycanda mərhələli şəkildə, mərkəzdən başlayaraq tədricən genişlənmə prinsipi ilə uğurla tətbiq oluna bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB