Son günlərdə aramsız yağan yağışlar paytaxtın müxtəlif ərazilərində fəsadlar törədib. Bu səbəbdən paytaxt Bakının bir çox küçə və prospektlərini su basıb. Bəs görəsən, bu problemin kökü nədədir? Yağış yağan kimi Bakının hər yerini niyə su basır?
Məsələ ilə bağlı ekoloq Qorxmaz İbrahimli SİA-ya açıqlamasında bildirib ki, Bakı şəhərinin kanalizasiya sistemi uzun illərdir ki, həm şəhərin mərkəzində, həm də ətraf rayonlarında ciddi problemlərlə üzləşir:
“İndi bu kanalizasiyaların düzgün işləməməsi, yağış sularının axacağı yerlər üçün bəlkə baraj belə tikilib-qurtarmayıb ki, bu problemlər ortadan qalxsın. Bakı şəhərinin həm ətraf rayonlarında, ətraf məskunlaşma yerlərində, həm də mərkəz hissələrində ciddi bir problem yaşandı. İki gün yağan yağış ciddi problem yaratdı və bu çox üzücü bir məsələdir. Bunun heç bir bəhanəsi yoxdur. Yağış yağmalıdır. Yəni başa düşmürəm, yağış yağmaması üçün nə eləməliyik? Və yaxud da yağış yağanda hərə bir vedrə alıb bir yerdə dayanmalıdırmı ki, nəsə həll eləsin?
Bu məsələlər bələdiyyələrin, yerli icra hakimiyyətlərinin və müvafiq dövlət qurumlarının səlahiyyət və öhdəlikləri daxilindədir. Lakin onların işlərin düzgün qurulmaması və zəruri tədbirlərin vaxtında görülməməsi nəticəsində nəticə göz qabağındadır – şəhərdə hər yağışdan sonra eyni problemlər təkrarlanır.
Xüsusilə diqqət çəkən məqam budur ki, bir neçə gün əvvəl Bakı Şəhər İcra Hakimiyyəti qışa hazırlıq tədbirləri ilə bağlı məlumat yaydı və bu, geniş media diqqəti aldı. Lakin payızın bu vaxtı artıq yağıntılı dövrdür və əgər quraqlığın ardından yağıntılar başlamalı idisə, bu, təbiətin normal prosesidir. Buna görə də, qışa hazırlıq deyərkən, həm quraqlıq, həm də yağışlı mövsümlər üçün kompleks tədbirlər görülməliydi. Lakin real vəziyyət göstərir ki, yağışın gətirdiyi fəsadlar insanlara əhəmiyyətli narahatlıq yaradır.
Məsələn, yağış yağanda insanlar artıq evlərinə rahat gedib-gələ bilmir, ictimai nəqliyyatın marşrutları pozulur, yollar və küçələr keçilməz hala gəlir. Əvvəllər bu problemlərə elektrik enerjisinin kəsilməsi də əlavə olunurdu; indi bəlkə işıqlar kəsilmir, lakin su basqınları, torpaq sürüşmələri və yolların tutulması kimi digər ciddi problemlər meydana çıxır. Bu, şəhərin infrastrukturunda və kanalizasiya sistemində ciddi çatışmazlıqlar olduğunu bir daha göstərir.
Belə bir vəziyyət uzun müddət davam edə bilməz. Bu işlərin gecikdirilməsi isə həm sakinlərin gündəlik həyatına mənfi təsir göstərir, həm də şəhərin ümumi inkişafına ciddi zərbə vurur. Bakı şəhərinin kanalizasiya sistemində hələ də ciddi boşluqlar var və bu boşluqların aradan qaldırılması üçün dərhal və ciddi tədbirlər görülməlidir. İnsanlar artıq qorxur ki, hər yağıntı zamanı hansı problem qarşılarına çıxacaq və bu, yalnız texniki və planlaşdırma məsələlərinin düzgün həlli ilə düzəldilə bilər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB