Yol qəzalarının artmasının səbəbləri nələrdir? - EKSPERT AÇIQLADI

Havaların temperaturunun kəskin şəkildə aşağı düşməsi qəzaların da artmasına səbəb olub. Yolların sürüşkən olması və insanların tələsikliyi çox zaman ağır nəticələrə səbəb olur.

Bəs, bu hallarım baş verməməsi üçün nələr edilməlidir?

Məsələ ilə bağlı nəqliyyat eksperti Aslan Əsədov SİA-ya açıqlamasında bildirib ki, qəzaları analiz etdikdə görürük ki, qəzalar təsadüf deyil, adətən bir neçə düzgün qiymətləndirilməyən faktorun üst-üstə düşməsi nəticəsində baş verir:

“Ən böyük səbəblərdən biri avtomobilin idarə edilməsinə nəzarətin itirilməsidir. Bəzən sürücülər yolun vəziyyətini düzgün qiymətləndirmədən manevr edirlər və bir neçə saniyəlik diqqətsizlik faciə ilə nəticələnir. Ara məsafəsinin düzgün seçilməməsi də tez-tez rast gəlinən səbəblərdəndir. Bir çox sürücü düşünür ki, sürət həddinə əməl edirsə, artıq təhlükəsizdir, halbuki sürüşkən və ya qeyri-bərabər yolda təhlükəsizlik məsafəsinin iki-üç dəfə artırılması həyati əhəmiyyət daşıyır.

Digər mühüm amil sürücünün avtomobili tam idarə edə bilməməsi, yəni sükan üzərində tam hakimiyyət qura bilməməsidir. Bu bəzən təcrübəsizlikdən, bəzən yorğunluqdan, bəzən də avtomobilin texniki vəziyyətindən qaynaqlanır. Səfərə çıxarkən vaxtın düzgün planlaşdırılmaması, gecikməmək üçün tələsik yola çıxmaq da təhlükəni artıran faktorlardandır. İnsan tələsəndə diqqəti azalır, reaksiyası zəifləyir və risklərə vaxtında cavab verə bilmir.

Bunlarla yanaşı, yol infrastrukturu ilə kifayət qədər tanış olmamaq da qəzaların başvermə ehtimalını yüksəldir. Xüsusən də gecə və ya yağışlı havada getdiyi yolu yaxşı tanımayan sürücü hər an gözlənilməz maneə ilə qarşılaşa bilər. Yol infrastrukturunun özündə olan çatışmazlıqlar da nəzərə alınmalıdır. Bir çox körpü, döngə və maneələrdə reflektorlar, işıqlandırma və xəbərdarlıq işarələri yetərli deyil. Halbuki bu cür əks etdirici elementlər gecə görünüşünü xeyli yaxşılaşdırır, sürücünün reaksiya verməsi üçün vaxt qazandırır.

Sürət həddi 90 km/saat olsa və sürücü bu həddə əməl etsə belə, yuxarıda sadalanan faktorlar nəzərə alınmadıqda risk yenə də yüksək olaraq qalır. Yol təhlükəsizliyi təkcə sürəti azaltmaqla həll olunmur; həm sürücünün hazırlığı, həm yol şəraiti, həm də avtomobilin texniki vəziyyəti bir bütövlük təşkil edir. Bu məsələlərə sistemli yanaşmaq lazımdır—maarifləndirmə, yol nişanlarının yaxşılaşdırılması, reflektorların artırılması, sürücü hazırlığının gücləndirilməsi və insanların məsuliyyətli davranışı birlikdə qəzalara qarşı ən böyük sipər ola bilər.

Biz bu faciələri eşidəndə kədərlənirik, ancaq səbəbləri doğru təhlil edib nəticə çıxarmaq daha vacibdir. Hər bir itirilən həyat bizim üçün dərs olmalı, hər kəs yola çıxanda həm özünün, həm də başqalarının taleyini düşünməlidir. Payızın gətirdiyi çətinliklərə baxmayaraq, diqqət, ehtiyat və məsuliyyət çox vaxt ölümün qarşısını ala biləcək yeganə müdafiədir”.

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə