Bölgələrdə qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri davam etdirilir - FOTOLAR
Aqrar Xidmətlər Agentliyinin 90-dan çox əməkdaşı qəhvəyi mərmər bağacığının sirayətləndiyi Şəki-Zaqatala, Qazax-Tovuz və Quba-Xaçmaz regionları üzrə fəaliyyətlərini davam etdirir. Cari ildə respublika üzrə 31 rayon 277 kənddə monitorinqlər aparılıb, bu rayonların 12-də sirayətlənmə müşahidə olunub. Müşahidə olunan ərazilərdə 150 mindən çox zərərverici mexaniki üsulla məhv edilib.
Agentlikdən SİA-ya bildirilib ki, AXA-nın mütəxəssisləri həyata keçirilən kompleks tədbirlər çərçivəsində yaşayış məntəqələrinə yaxın ərazilərdə, qışlama yerlərində, həyatyanı sahələrdə, çardaxlarda, eləcə də yarımçıq tikililərdə zərərvericinin yayılma dinamikasını qiymətləndirir, riskli sahələri müəyyən edərək kimyəvi preparatlarla hədəf yönümlü mübarizə aparırlar.
Bu dövrdə ən səmərəli mübarizə üsullarından biri də müxaniki mübarizədir. Təcrübə göstərir ki, zərərvericinin qışlama mərhələsində aparılan mexaniki tədbirlər onun məhv edilməsinə və yaz aylarında kütləvi yayılmasının qarşısını almağa mühüm təsir göstərir. Onu da qeyd etmək lazımdır ki, hazırda zərərvericinin qışlama dövrü nəzərə alınaraq mexaniki mübarizə tədbirlərinin aparılması xüsusi əhəmiyyət kəsb edir. Bu çərçivədə mütəxəssislər yaşayış evlərinin çardaq və zirzəmilərində, saxlanc yerlərində və bağ sahələrində bağacığın gizlənə biləcəyi yerlərin müəyyən edilməsi və təmizlənməsi istiqamətində vətəndaşlara tövsiyələr verirlər.
Görüşlər zamanı əhaliyə bağacığın toplanaraq məhv edilməsi, qışlama yerlərinin mexaniki təmizlənməsi, yarpaq, bitki qalıqları və tullantıların sahələrdən kənarlaşdırılmasının vacibliyi izah olunur. Eyni zamanda, riskli sahələrin mütəmadi yoxlanılması və zərərverici aşkar edildikdə aidiyyəti qurumlara operativ məlumat verilməsi tövsiyə olunub.
Maarifləndirici tədbirlər qəhvəyi mərmər bağacığının populyasiyasının azalmasına, yaz-yay mövsümündə kütləvi yayılmanın qarşısının alınmasına və kənd təsərrüfatı məhsullarında itkilərin minimuma endirilməsinə xidmət edir.
Aqrar Xidmətlər Agentliyi tərəfindən regionlarda mexaniki mübarizə tədbirləri və monitorinqlər növbəti mərhələlərdə də ardıcıl şəkildə davam etdiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB