Ordubadın yüksək dağlıq ərazilərində qar örtüyünün hündürlüyü 20 santimetrə çatır

Naxçıvan Muxtar Respublikası ərazisində bir neçə gündür qeyri-sabit hava şəraiti hökm sürür.

Muxtar respublikanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən SİA-nın bölgə müxbirinə bildirilib ki, dekabrın 11-i saat 11:00-a olan məlumata əsasən, yağıntılı hava şəraiti davam edir. Bəzi dağlıq ərazilərdə sulu qar və qar yağır, duman müşahidə olunur.

Dekabrın 10-u və 11-də düşən yağıntının miqdarı Naxçıvan şəhərində 8, Şahbuzda 5, Küküdə (Şahbuz) 6, Biçənəkdə (Şahbuz) 9, Şərurda 5, Axurada (Şərur) 5, Ordubadda 8, Parağaçayda (Ordubad) 16, Culfada 6, Göydərədə (Culfa) 7, Kəngərlidə 9, Sədərəkdə isə 6 millimetr olub.

Şərur, Şahbuz, Culfa və Ordubad rayonlarının yüksək dağlıq ərazilərinə qar yağır.

Qarın hündürlüyü Ordubad rayonunun yüksək dağlıq ərazilərində (3000 m) 20, Parağaçay Qar Uçqunu Stansiyasında 4, Şahbuz rayonunun Batabat ərazisində isə 2 santimetr qeydə alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə