Saqqız diş sağlamlığına faydalıdırmı ? - AYDINLIQ GƏTİRİLDİ

"Saqqız çeynəməyin həm ağız sağlamlığı, həm də ümumi sağlamlıq baxımından bir sıra faydalı təsirləri mövcuddur. Onun ən mühüm üstünlüklərindən biri ağız boşluğunda təmizliyi dəstəkləməsi və tüpürük ifrazını artıraraq diş minasını qorumasıdır. Eyni zamanda, saqqız çeynəmək qulaq tükanlığını aradan qaldırmaq üçün də effektiv üsullardan biri hesab edilir. Çeynəmə zamanı yaranan təzyiq qulaq borusunun açılmasına kömək edir və narahatlığı azaldır" . Bu sözləri SİA-ya açıqlamasında stomotoloq Anar Nəbizadə deyib.

O bildirib ki, saqqızın müsbət təsirləri olduğu kimi, müəyyən mənfi tərəfləri də mövcuddur: “Saqqız dişlər üçün ümumilikdə faydalıdır və çeynəmə prosesi çənə oynağının aktiv qalmasına, əzələlərin güclənməsinə yardım edir. Lakin saqqızı acqarına çeynəmək mədə turşuluğunu artırdığı üçün həzm sisteminə mənfi təsir göstərə bilər. Bu səbəbdən xüsusilə həssas mədəsi olan şəxslərə acqarına saqqızdan istifadə etmək tövsiyə edilmir. Pəhrizdə olan insanlar üçün də saqqız çeynəmək uyğun hesab olunmur, çünki iştahı stimullaşdıraraq yemək istəyini artıra bilər.

Mütəxəssislər şəkərsiz saqqızın daha təhlükəsiz olduğunu və onun bir sıra əlavə faydalar təqdim etdiyini bildirirlər. Şəkərsiz saqqız:
-Ağız qoxusunu aradan qaldırır
-Diş çürüməsinin qarşısını alır
-Çəki verməyə kömək edir (yemək istəyini müəyyən qədər azaldır)
-Stresi azaltmağa yardım edir
-Siqareti tərgitmək istəyənlər üçün alternativ məşğuliyyət rolunu oynayır

Bütün bunlarla yanaşı, saqqızın həddindən artıq istifadəsi çənə oynağında yorğunluq, baş ağrısı və bəzi hallarda diş plombunun qopması kimi mənfi nəticələrə də səbəb ola bilər. Buna görə də mütəxəssislər saqqızdan ölçülü şəkildə istifadə etməyi tövsiyə edirlər”.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə