Fövqəladə Hallar Nazirliyinin (FHN) Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi səlahiyyətləri çərçivəsində nüvə və radiasiya təhlükəsizliyi sahəsində maarifləndirmə tədbirlərini davam etdirir. Növbəti belə tədbir nazirliyin Muğan Regional Mərkəzi ilə birgə təşkil olunub.
Bu barədə SİA-ya FHN-in İctimaiyyətlə əlaqə idarəsindən məlumat verilib.
Bildirilib ki, Regional Mərkəzin inzibati binasında “Sahibsiz radioaktiv mənbələr və onlarla davranış” mövzusunda keçirilmiş tədbirdə mərkəzin əhatə etdiyi rayonların icra hakimiyyətlərinin kommunal sahələr üzrə nümayəndələri, eləcə də FHN-in yerli qurumlarının nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Muğan Regional Mərkəzinin rəis müavini Orxan Bağırov keçirilən tədbirin əhəmiyyətindən danışıb.
Sonra tədbirdə çıxış edən Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin rəis müavini Əkbər Quliyev tədbirin mövzusu barədə məlumat verib, sahibsiz radioaktiv mənbələrlə əlaqəli davranış qaydalarının mənimsənilməsinin vacibliyini bildirib.
Tədbirdə nüvə və radioloji fəaliyyətlər, nəzarət mexanizmləri, sahibsiz radioaktiv mənbələr, onların aşkar edilməsi və bu zaman qurumların fəaliyyətinin əlaqələndirilməsi, nüvə və radioloji qəza halları, bu hallarda idarəetmə mexanizmi məsələləri müzakirə olunub.
Tədbir zamanı agentliyin əməkdaşları tərəfindən müvafiq mövzularda təqdimatlar edilib, videoçarxlar nümayiş olunub və suallar cavablandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB