Şuşakəndin yeni nəfəsi - Əhliyət Abbasovun hekayəsi

İşğaldan azad olunmuş ərazilərdə şəhər və kəndlər bərpa edilir, yenidən qurulur. Elindən, evindən uzun illər uzaq düşmüş insanlar bu gün torpağa qayıdır. Torpaq da doğma sakinlərinin nəfəsi ilə isinir.

SİA AZƏRTAC-a istinadən Şuşakənd sakini 79 yaşlı Əhliyət Abbasovun hekayəsini təqdim edir.

Xocalı rayonunun Şuşakənd kəndində həyat yenidən canlanır. Uzun illər işğal altında qalan kənd bərpa edilərək sakinlərini yenidən qarşılayır. Kəndə ilk mərhələdə dönən ailələr arasında bu torpağın köklü sakinlərindən biri də 79 yaşlı Əhliyət Talış oğlu Abbasovdur. Əhliyət Abbasov uzun illər Şuşa şəhəri və ətraf yaşayış məntəqələrində həm dəmirçi, həm də sınıqçı kimi fəaliyyət göstərib. El-obanın sevgisini qazanmış Əhliyət kişinin elində xoş günləri uzun çəkmir. Müharibə Abbasovlar ailəsini də öz yurdundan didərgin salır. Birinci Qarabağ müharibəsindən sonra ailə uzun müddət Ağcabədi rayonunda məcburi köçkün həyatı sürməyə məcbur olur. 79 yaşlı Əhliyət Abbasov bu gün yenidən doğma torpağına qovuşmasının sevincini yaşayır. Deyir ki, illərlə çəkilən yurd həsrəti ən çox içini yandıran hiss olub: “Buraya qayıtmaq ən böyük arzum idi. Hər gecə yuxularımda Şuşanı, doğma torpaqları görürdüm. Bu gün o arzu gerçəkləşdi”.

Əhliyət kişi 7 övladı, 25 nəvəsi, 5 nəticəsi ilə torpağa ayaq basıb. Bildirir ki, doğma yurda dönüş təkcə onun üçün deyil, bütün ailəsi üçün böyük sevinc və qürurdur.

Əhliyət Abbasov bu gün də torpağında yarımçıq qalan işini, sənətini davam etdirir. El arasında sınıqçı kimi tanınan Əhliyət kişi kömək üçün onu deyib gələnləri ümidsiz buraxmır. O, öz həyətində abadlıq işlərinə də başlayıb. 32 ildən çoxdur ayrı düşdüyü Vətən torpağında öz həyatını yenidən qurur. Onun sözlərinə görə, Qayıdış təkcə fiziki olaraq torpağa dönmək deyil, həm də insanın mənəvi olaraq özünü tapmasıdır. Bu gün bu torpaqlarda həyat yenidən öz axarına qayıdır.

Xocalı rayonunun Şuşakənd kəndində hazırda geniş bərpa işləri aparılır. Yenilənmiş infrastruktur, yenidən təmir edilən evlər, çəkilən kommunikasiya xətləri burada normal yaşayışın bərpasına şərait yaradır. Sakinlərin öz doğma yurdlarına qayıtması bölgədə sosial-iqtisadi canlanmanın əsas göstəricilərindən biri kimi qiymətləndirilir.

Qeyd edək ki, kəndə köç prosesi mərhələli şəkildə davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə