Neftçalada ilk dəfə Balıq festivalı keçirilib

Neftçala Rayon İcra Hakimiyyəti, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi və Balıqçılıq və Akvakultura Mərkəzinin birgə təşkilatçılığı ilə Neftçala şəhərində Balıq festivalı təşkil olunub.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, festivalın əsas məqsədi bölgədə balıqçılıq sektorunun potensialını nümayiş etdirmək, yerli istehsalçıları dəstəkləmək, əhalinin bu sahəyə marağını artırmaq və akvakulturanın inkişafına töhfə vermək olub.

Tədbirdə, həmçinin Neftçalanın son illər artan turizm potensialı geniş şəkildə nümayiş etdirilib.

Çıxış edən natiqlər vurğulayıblar ki, şəhərin Xəzər dənizinə yaxınlığı, təbii su hövzələri, balıqçılıq təsərrüfatları və ekoturizm imkanları bölgəni turistlər üçün cəlbedici məkana çevirir. Qeyd olunub ki, Neftçalada keçirilən belə festivallar həm yerli mədəniyyətin tanıdılmasına, həm də regionun turizm xəritəsində daha görünən olmasına mühüm töhfə verir.

Festivalda əsrlərdən bəri davam edən balıqçılıq ənənələri xüsusi stendlərdə nümayiş etdirilib. Ziyarətçilərə Neftçalanın qədim balıqçılıq üsulları, dənizlə bağlı folklor nümunələri, balıqçılıqda istifadə olunan ənənəvi alətlər və bölgəyə məxsus balıq növləri haqqında ətraflı məlumat verilib. Bundan əlavə rəngarəng əl işləri, interaktiv fotozonalar və yaradıcılıq guşələri, müsabiqələr və ailəvi əyləncələr, su idmanı yarışları, Kür çayında gəzinti, canlı musiqi, dünyanın müxtəlif mətbəxlərindən təamlar və xüsusi kulinariya təqdimatları, kənd təsərrüfatı və balıqçılıq məhsullarının sərgi-satış yarmarkası təşkil olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə