Uşağın doğulması ilə bağlı kişilərə ödənişli məzuniyyət verilməsi artıq qanunvericilikdə öz əksini tapa bilər. Milli Məclisin Regional məsələlər komitəsində müzakirə olunan dəyişiklik layihəsinə əsasən, atalara doğuşdan əvvəl və sonra olmaqla ümumilikdə 14 gün ödənişli məzuniyyət nəzərdə tutulur. Bu müddətdə işçinin maaşına heç bir tutulma edilməyəcək və əməkhaqqı tam ödəniləcək. Bəs bu yenilik ailələrə və iş mühitinə nə vəd edir? Kişilərə bu məzuniyyət niyə verilir? Kişilərin həmin 14 günlük məzuniyyətdə öhədikləri nədir ?
Məsələ ilə bağlı sosioloq Üzeyir Şəfiyev SİA-ya açıqlamasında bildirib ki, Beynəlxalq Əmək Təşkilatının tövsiyəsi kimi Əmək Məcəlləsində bir sıra dəyişikliklərin zərurəti yarandı:
“Azərbaycan öz milli qanunvericiliyini beynəlxalq konvensiyalara və qanunlara uyğunlaşdırdığı üçün bu dəyişikliklər də məhz bu məqsədə xidmət edir. Dəyişikliklərə əsasən, hamiləlik dövründə qadınlara doğuşa qədər verilən məzuniyyət müddətinin artırılması nəzərdə tutulur. Eyni zamanda, kişilər üçün də müəyyən hüquqlar müəyyən olunub. Belə ki, kişinin həyat yoldaşı hamiləlik dövründə və ya doğuşdan sonrakı müddətdə 14 günlük ödənişli məzuniyyət götürə bilər. Əvvəllər bu məzuniyyət yalnız ödənişsiz əsaslarla mövcud idi, indi isə bu hüquq ödənişli əsasla tanınır. Bu isə o deməkdir ki, həmin 14 günlük müddətdə əməkhaqqı tam şəkildə saxlanılır.
Bu dəyişiklik kişilərin ailə həyatında daha aktiv iştirakını stimullaşdırır, ev işlərində qadınlara dəstək göstərməsini təşviq edir. Eyni zamanda, bu, ailədaxili harmoniyanın və valideyn məsuliyyətinin bölüşdürülməsində mühüm rol oynayır. Bu addım dövlətin vətəndaşa verdiyi əlavə sosial dəstəyin qanunvericilik formasında ifadəsidir və dövlət-vətəndaş münasibətlərində əhəmiyyətli yanaşma kimi qiymətləndirilə bilər. Təbii ki, bu hüquqdan istifadə edilib-edilməyəcəyi cəmiyyətdə müzakirə mövzusudur. Patriarxal yanaşmanın dominant olduğu bir cəmiyyətdə kişilərin belə məzuniyyətdən istifadə etməsinə hələ tam normal baxılmaya bilər. Lakin hesab edirəm ki, cəmiyyət qlobal dünyaya inteqrasiya etdikcə, bu stereotiplər də tədricən dəyişəcək. Xüsusilə, yeni nəsil ailələr arasında bu hüquqdan istifadə edənlərin sayı artacaq və bu da qadınlara həm psixoloji, həm fiziki baxımdan mühüm dəstək olacaq.
Dövlət bu hüquqları yalnız hüquqi deyil, həm də sosial məsuliyyət prizmasından dəstəkləyir ki, bu da ailə institutunun möhkəmlənməsinə xidmət edir”.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB