“İnformasiya təhlükəsizliyinin güclənməsi üçün maarifləndirmə sistemli olmalıdır” - SOSİOLOQ DANIŞDI
"Cəmiyyətin informasiya təhlükəsizliyini artırmaq müasir dövrdə həm sosial sabitliyin, həm də vətəndaşların şəxsi təhlükəsizliyinin mühüm şərtlərindən biridir. İnformasiyanın sürətli dövriyyəsi, sosial şəbəkələrin genişlənməsi və rəqəmsal mühitdə saxta xəbərlərin artması maarifləndirmə işinin daha sistemli və hədəfli aparılmasını zəruri edir". Bu sözləri SİA-ya açıqlamasında sosioloq Aydın Xan Əbilov deyib.
Onun sözlərinə görə, maarifləndirmə məktəb və universitet mərhələsindən başlamalıdır: "Şagird və tələbələrə media savadlılığı, informasiya seçimi, faktların yoxlanması və manipulyasiyanın formaları barədə davamlı dərslər keçirilməlidir. Gənclər internetdə qarşılaşdıqları məlumatların doğruluğunu necə müəyyənləşdirməyi, mənbələri necə müqayisə etməyi öyrənməlidir. Bu, gələcəkdə cəmiyyətin daha sağlam informasiya mühiti formalaşdırmasına xidmət edəcək. Sosial şəbəkələrdə, televiziya kanallarında, radio və digər media vasitələrində sadə, aydın və praktik informasiya təhlükəsizliyi qaydalarını izah edən kampaniyalar təşkil olunmalıdır. İnsanlara şifrələrin qorunması, şəxsi məlumatların paylaşılmaması, fişinq və sosial mühəndislik üsullarının tanıdılması kimi mövzular əlçatan dildə təqdim edilməlidir. Bu kampaniyalar birdəfəlik deyil, mütəmadi xarakter daşımalıdır.
Bundan əlavə, dövlət qurumları, QHT-lər və ekspert mərkəzləri arasında əməkdaşlıq gücləndirilməlidir. Mütəxəssislərin iştirakı ilə seminarlar, ictimai müzakirələr, təlimlər təşkil olunmalı, real hadisələrdən nümunələr göstərilərək insanların təhlükə mənbələrini daha yaxşı anlaması təmin edilməlidir. İctimaiyyətin məlumatlandırılması yalnız texniki biliklərlə məhdudlaşmamalı, həm də sosial psixologiyanı nəzərə almalıdır ki, insanlar niyə manipulyativ xəbərlərə inanır, niyə emosional təsir altına düşür və necə daha tənqidi düşünə bilərlər.
Böyük yaş qrupları üçün xüsusi proqramlar hazırlanması da vacibdir. Yaşlı nəsil rəqəmsal təhlükələrə daha həssas olduğundan, onlar üçün sadə dillə hazırlanmış video dərslər, bələdçilər, praktiki təlimlər çox faydalı olacaq. Sosioloji baxımdan maarifləndirmənin ən effektiv modeli yalnız məlumat vermək deyil, həm də insanların düşüncə vərdişlərini dəyişməkdir. Cəmiyyət tənqidi düşünmə mədəniyyətini mənimsədikcə informasiyanın təhlükəsizlik riski azalır, sosial manipulyasiyanı həyata keçirmək daha çətin olur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB