"Rayonların birləşdirilməsi hansı dəyişikliklərə səbəb ola bilər? - SOSİOLOQ AÇIQLADI

"Urbanizasiya prosesi bu gün qlobal miqyasda, o cümlədən Azərbaycanda da gedir. Səbəblər çoxdur. Şübhəsiz ki, səhiyyə, təhsil və əmək bazarında iş yerlərinin əlçatan olmaması əsas səbəblərdəndir". Bu sözləri SİA-ya açıqlamasında sosioloq Üzeyir Şəfiyev deyib.

Onun sözlərinə görə, regionlarda infrastrukturun tam təmin olunmaması, insanların mənəvi və asudə vaxtlarının keyfiyyətini təmin edəcək şəraitin olmaması, iş yerlərinin azlığı da bu axını gücləndirir:

"Yaradılan yeni iş yerlərinin 70-80%-i Bakı və Abşeron bölgəsindədir. Gənclər isə yaş psixologiyasına uyğun iş yerləri olmadığı üçün daha çox paytaxta yönəlirlər. Urbanizasiyanın qarşısını almaq üçün dünyada müxtəlif yollar tətbiq olunur. Hesab etmirəm ki, rayonların birləşdirilməsi bu problemin effektiv həll yoludur. Hər rayonun, kəndin özünəməxsus xüsusiyyətləri var və bu fərqlilikləri qorumaq lazımdır. İdarəetməni sadələşdirmək rayonların birləşdirilməsi anlamına gəlmir.

Həll yollarına gəlincə regionlarda təhsil və səhiyyə xidmətlərinin əlçatanlığı təmin olunmalıdır. Yeni iş yerləri yaradılmalı, iri obyektlər və iş sahələri regionlara köçürülməlidir. Universitetlərin filialları regionlara yayılmalıdır. Kollektiv iş yerləri yaradılmalı, mədəni tədbirlər kəndlərə yönləndirilməlidir. Mövsümi turizm və mədəni həyat canlandırılmalı, kənddə yaşam aktivləşdirilməlidir. Regionlarda əmək haqqı motivasiyalı olmalı, hətta paytaxtdan yüksək əməkhaqqı təklif olunmalıdır. Türkiyədə olduğu kimi kəndçi proqramları tətbiq oluna bilər. Məsələn, 300 qoyun proqramı, suğortalı heyvan dəstəyi, kənd təsərrüfatına yönəlik maliyyə stimulları uğurlu nəticələr verir. 2017-2019-cu illər arasında Türkiyədə bu yollarla 300 min insan şəhərdən kəndə qayıtmışdır. Azərbaycanda da oxşar proqramlar var – regionların sosial-iqtisadi inkişafı, özünəməşğulluq layihələri – lakin bunlar daha əhatəli və davamlı olmalıdır. Rayonların birləşdirilməsi əksinə, idarəetməni çətinləşdirə, sosial gərginlik yarada bilər. Daha yaxşısı, kənddən şəhərə axının qarşısını alan proqramlar hazırlamaqdır. Rayon mərkəzləri şəhər səviyyəsinə yaxınlaşdırılmalı, kənd-şəhər fərqi azaldılmalı, texnologiyalar və iri dövlət qurumları bölgələrə aparılmalıdır. Bu həm də mədəni və mənəvi həyatı canlandırar".

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə