“Davranış pozuntuları fərdin gündəlik həyatına ciddi təsir göstərir” - PSİXOLOQ AÇIQLADI
"İnkişaf etmiş ölkələrdə davranış pozuntuları ciddi sağlamlıq problemi kimi qəbul olunur. Bu pozuntular əsasən uşaqlıq və yeniyetməlik dövründə müşahidə olunsa da, böyüklərdə də geniş yayılıb". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Aytən Ələkbərova deyib.
Onun sözlərinə görə, bu cür hallar psixoloqlar, nevroloqlar və psixiatrlar tərəfindən diaqnostika olunur və tez-tez rast gəlinən narahatlıqlardandır: "Uşaqlarda davranış pozuntularına səbəb olan əsas faktorlar arasında düzgün aparılmayan təlim-tərbiyə, sərhədlərin aydın şəkildə qoyulmaması və ailədə nəzarətsizliyin olması yer alır. Uşaq istədiyi alınmadıqda inad göstərir, üsyankar davranır və "olmaz" deyilənləri inadla təkrar edir. Bu isə ailədə nizam-intizamın zəif qurulmasından qaynaqlanır. Belə uşaq böyüdükcə yaşıdlarından fərqli davranmağa başlayır və sosial mühitə uyğunlaşmaqda çətinlik çəkir.
Böyüklərdə isə davranış pozuntuları özünü daha çox sosial tənhalıq, danışmaqdan çəkinmək, paylaşmaq istəməmə, qorxu, pessimizm, enerjisizlik, qısqanclıq, bacarıqsızlıq və sevilməmə hissləri ilə göstərir. Həmçinin bu insanlarda asılılıq meyilləri də formalaşa bilər. Digər tərəfdən, bəzi insanlar obsesiv-kompulsiv davranışlar, məsələn, əlləri dəfələrlə yumaq, hər şeyi təkrar yoxlamaq - göstərirlər. Bu hallar düşüncə pozuntularının davranışa təsir etdiyi vəziyyətlərdir. Psixosomatik pozuntular da davranışa mənfi təsir göstərir. Belə pozuntular arasında başgicəllənmə, mədə ağrısı, qusma, qəbizlik, dəri qaşınmaları, kabuslar və s. yer alır. Bu hallar əsasən daxili narahatlıq və psixoloji gərginliyin bədənə verdiyi reaksiyalardır.
Yekun olaraq, davranış pozuntuları fərdin gündəlik həyatına, sosial münasibətlərinə və psixoloji sağlamlığına ciddi təsir göstərən bir məsələdir. Onun vaxtında aşkarlanması və düzgün müdaxilə ilə aradan qaldırılması vacibdir".
Bütün xəbərlər Facebook səhifəmizdə



USD
EUR
GBP
RUB