3-cü mikrorayondakı “Kəndli” bazarında nöqsanlar aşkarlanıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi, 14 ünvanında “Bestoll Lüks” MMC-yə məxsus “Kəndli” bazarında apardıqları monitorinq zamanı bir sıra nöqsanlar aşkarlanıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, bazarda müşayiətedici sənədləri olmayan kustar üsullarla hazırlanmış turşu, mürəbbə və marinad edilən məhsulların, həmçinin ekspertiza aktları, istehsalçısı və mənşəyi məlum olmayan süd məhsullarının satışının həyata keçirildiyi, eləcə də müvafiq sənədləri olmadan toyuq və mal ətlərinin, açıq hava şəraitində temperatur rejimi gözlənilmədən saxlanılan balıq məhsullarının satışa çıxarıldığı müəyyənləşib.

Ət satışı mağazasında isə məhsulun açıq şəkildə soyuducudan kənar temperatur rejimi pozularaq saxlanıldığı və sanitariya-gigiyena normalarına riayət edilmədiyi aşkarlanıb. Bununla yanaşı, həmin müəssisədə qanunsuz olaraq iri və xırdabuynuzlu heyvanların saxlanıldığı və kəsiminin həyata keçirildiyi müəyyən edilib.

“Kəndli” bazarına məxsus ərazidə daşınma sənədləri olmadan çoxlu diri toyuğun satışı aşkarlanıb. Həmçinin bazarda tullantıların vaxtı-vaxtında kənarlaşdırılmadığı və toplandığı yerin isə satış sahələrinə yaxın olduğu müşahidə olunub.

Sahibkara icrası məcburi göstərişlər verilib.

Faktla bağlı araşdırmalar davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə