Paytaxt ərazisində avtomobillərin yanması ilə bağlı xəbərləri tez-tez görürük. Ümumiyyətlə, avtomobil müxtəlif səbəblərdən yanmağa bilər. Bu hallara elektrik sistemində qısaqapanmalar, mühərrik və yanacaq sistemində texniki nasazlıqlar, həmçinin əlavə qurğuların – səs gücləndiricilər, maqnitofonlar, kolonka və digər cihazların – düzgün quraşdırılmaması daxildir. Xüsusilə köhnə avtomobillərdə və ya yeni elektromobillərdə bu tip müdaxilələr yanğın riskini artırır.
Ümumiyyətlə avtomobil hansı hallarda yana bilər?
Məsələ ilə bağlı nəqliyyat eksperti Aslan Əsədov SİA-ya açıqlamasında bildirib ki, avtomobillərin yanması halları – həm bu gün, həm də əvvəlki dövrlərdə – sosial şəbəkələrdə tez-tez gündəmə gəlir və əsasən elektrik sistemlərinə müdaxilələrlə əlaqələndirilir:
"Yəni elektrik naqillərinin düzgün quraşdırılmaması, dəyişdirilməsi və ya əlavə cihazların quraşdırılması birbaşa olaraq nəqliyyat vasitəsinin mühərrik və yanacaq sisteminə təsir edə bilər. Bu, xüsusilə texniki baxımdan köhnəlmiş avtomobillərdə ciddi risklər yaradır. Məsələn, şamların dəyişdirilməsi, yanacaq alışdırıcı sistemlərin adaptasiyası və ya digər modifikasiya işləri nəqliyyat vasitələrinə edilən dəyişikliklər hesab olunur. Yeni elektromobillərdə də belə müdaxilələr enerji sistemi üzərində gərginliyə səbəb ola bilər və nəticədə avtomobilin alışma ehtimalını artırır. Yanğın hallarının çoxu məhz bu cür texniki müdaxilələrdən sonra baş verir.
Bundan əlavə, əlavə qoşqular, səs gücləndiricilər, maqnitofonlar, kolonka və digər elektron cihazların düzgün quraşdırılmaması da yanğın riskini yüksəldir. Bəzən insanlar kiçik dəyişikliklərin təhlükəsiz olduğunu düşünərək avtomobillərin daxili sistemlərinə müdaxilə edirlər, amma bu, gözlənilməz fəsadlara yol aça bilər. Bu səbəbdən vətəndaşlara müraciət edirik: avtomobillərin elektrik və yanacaq sistemlərinə müdaxilə etməyin. Zərurət olmadıqca əlavə cihazlardan istifadə etməyin. Bu sadə tədbir həm avtomobillərin təhlükəsizliyini təmin edəcək, həm də insanların həyatına ciddi təhlükə yaradan yanğınların qarşısını alacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB