“Uşaqlar bizim gələcəyimizdir” - Şöbə müdiri

“Pediatriya şöbəmizdə hər bir xəstəyə fərdi yanaşırıq və onları öz övladımız kimi qəbul edirik. Məqsədimiz odur ki, uşaqlar sağlam böyüsün və gələcəyin formalaşmasında öz töhfəmizi verək”. SİA xəbər verir ki, bu sözləri Şəmkir Rayon Mərkəzi Xəstəxanasının pediatriya şöbəsinin müdiri Səbəbsun Rəhmət media nümayəndələrinə açıqlamasında bildirib.

O qeyd edib ki, şöbə 30 çarpayıdan ibarətdir və burada 7 həkim fəaliyyət göstərir: “Həkimlərimizdən biri Türkiyədə təhsil almış uzman həkim, biri rezidenturanı bitirmiş həkim, digərləri isə təcrübəli mütəxəssislərdir. Tibb bacılarımız da yüksək səviyyəli peşəkarlığa malikdir".

S.Rəhmət bildirib ki, gündəlik ambulator müraciətlərin sayı 150-200 nəfər arasında dəyişir və xəstələrdən 3-5 nəfəri stasionar müalicəyə qəbul olunur: “Ən çox mövsümi xəstəliklər, virus infeksiyaları və pnevmoniya halları ilə rastlaşırıq. Ehtiyac yaranarsa, xəstələrimizi Bakı şəhərinə yönləndiririk".

Şöbə müdiri vurğulayıb ki, peyvənd məsələsi pediatriya şöbəsində xüsusi önəm daşıyır: “Hər bir uşağa peyvəndin əhəmiyyətini izah edir, valideynləri məlumatlandırırıq”.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə