Seneqallı nazir “ASAN xidmət”də

Seneqalın rabitə, telekommunikasiya və rəqəmsal məsələlər nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti “ASAN xidmət”in fəaliyyəti ilə tanış olub. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən SİA-ya verilən məlumata görə, Seneqal tərəfinin təşəbbüsü əsasında baş tutan görüş zamanı qonaqlara Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri və dövlət xidmətlərində tətbiq olunan innovativ həllər barədə məlumat verilib, hazırda Azərbaycanın intellektual brendinin 30-dan çox ölkəyə ixrac edildiyi diqqətə çatdırılıb.

Görüş zamanı bu ilin iyun ayında “ASAN xidmət” təcrübəsinin Seneqalda tətbiqi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Seneqalın Dövlət İdarəçiliyi və Dövlət Xidmətlərində İslahatlar Nazirliyi arasında imzalanmış Anlaşma Memorandumunun əhəmiyyətinə toxunulub.

Qonaqlar, həmçinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin, Səyyar ASAN xidmətin, "ABAD" publik hüquqi şəxsin və "Bilim Bakı" mərkəzinin fəaliyyəti ilə tanış olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə