Azərbaycan Respublikası Vəkillər Kollegiyası (VK) və Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyası üzvlüyünə qəbul üzrə növbəti ixtisas imtahanının test mərhələsi keçirilir. SİA xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin (DİM) Elektron İmtahanlar Korpusunda təşkil edilən imtahan saat 10:00-da başlayıb və 3 saat davam edəcək. İmtahan prosesi VK və DİM-in birgə təşkilatçılığı ilə tam elektron formatda həyata keçirilir.
Bu mərhələdə iştirak etmək üçün ümumilikdə 423 namizəd müraciət edib. Namizədlərə hüququn müxtəlif sahələrini əhatə edən, hər biri 1 balla qiymətləndirilən 100 test tapşırığı təqdim olunub və keçid balı isə 60 olaraq müəyyən edilib. İmtahanın nəticələri prosesin tamamlanmasının ardınca operativ şəkildə elan olunacaq və Azərbaycan Respublikası VK-nın rəsmi internet səhifəsində (www.barassociation.az) yerləşdiriləcək.
İmtahanın şəffaflığının təmin edilməsi məqsədilə bir çox yerli, dövlət və qeyri-hökumət təşkilatlarından müşahidəçilər dəvət olunub, media nümayəndələrinin iştirakı təmin edilib. Namizədlərin 11,7 faizi xarici, 88,3 faizi isə yerli ali təhsil müəssisələrinin məzunlarıdır. Ən çox təmsil olunan ali məktəb 54 faizi göstərici ilə Bakı Dövlət Universitetidir. Yaş göstəricilərinə əsasən iştirakçıların 71 faizi 40 yaşadək namizədlərdir. Bundan başqa, namizədlərin 31 faizi qadın, 69 faizi isə kişilərdir. Naxçıvan Muxtar Respublikası VK üzrə müraciət edənlər isə ümumi sayın 0,2 faizini təşkil edir.
Bundan başqa, imtahanda iştirak edən 423 namizəddən 311-i (74 faiz) özəl müəssisələrdə, 112-si isə (26 faiz) dövlət qurumlarında çalışır. Dövlət qurumlarında çalışanlardan 45-i məhkəmələrdə, 17-si ədliyyə orqanlarında, 15-i daxili işlər orqanlarında, 1-i prokurorluqda, 34-ü isə digər dövlət qurumlarında fəaliyyət göstərir.
Beləliklə, cari il üzrə keçirilən ixtisas imtahanlarının test mərhələlərində ümumilikdə 884 namizəd iştirak edib.
Qeyd etmək istərdik ki, bu il 287 vəkil and içərək Kollegiyanın üzvlüyünə qəbul olunub. Hazırda 65 vəkilliyə namizədin Ədliyyə Akademiyasında icbari təlim prosesi davam edir, 130 namizəd isə şifahi müsahibə mərhələsində iştirak edir.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB