“Bölgələrdə həkim çatışmazlığının aradan qaldırılması üçün davamlı işlər görülür” - Zamirə Ədilova

“Hazırda TƏBİB-in tabeliyində 91 publik hüquqi şəxsə bağlı 2,701 tibb müəssisəsi fəaliyyət göstərir. Bu müəssisələrdə 93,064 işçi çalışır, onlardan 16,923-ü həkimdir. Həkim heyətinin təxminən 8 faizi xaricdə təhsil almış mütəxəssislərdir. Eyni zamanda, paytaxt və bölgələrdə bəzi ixtisaslar üzrə həkim çatışmazlığı müşahidə olunur. Xüsusilə qərb regionlarında cərrahiyyə, nefroloq, qastroenteroloq, travmatoloq, reanimatoloq, dermatoveneroloq və ailə həkimi ixtisasları üzrə tələbat yüksəkdir”. SİA xəbər verir ki, bu sözləri TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova media-tur zamanı bildirib.

Ədilova qeyd edib ki, bölgələrdə həkim çatışmazlığının aradan qaldırılması istiqamətində daimi tədbirlər görülür: “Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq işə qəbul prosesi tam rəqəmsallaşdırılıb və TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində bütün vakant iş yerləri elektron portal üzərindən namizədlərə şəffaf şəkildə təqdim olunur. Bu sistem namizədlərin mövcud vakansiyalara müraciət hüququnu təmin edir".

O əlavə edib ki, dövlət tibb müəssisələrində ixtisaslı kadr çatışmazlığının aradan qaldırılması, tibbi və qeyri-tibbi işçilərin ixtisasının artırılması, göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi və əhalinin icbari tibbi sığorta çərçivəsində xidmətlərə çıxış imkanlarının genişləndirilməsi məqsədilə “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” tərəfindən xüsusi layihə həyata keçirilib: “Bu layihə çərçivəsində 68 həkim-mütəxəssis işə qəbul olunub və onların bir qismi tabeliyimizdəki Şəmkir Rayon Mərkəzi Xəstəxanasına cəlb edilib. Həkimlər əsasən cərrahi, radioloji, terapevtik və pediatrik profilli ixtisaslarda fəaliyyət göstərəcəklər".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə