“Cinayətkarlığa qarşı mübarizənin aktual problemləri” FOTO

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilən məlumata görə, noyabrın 26-da Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyasının təşkilatçılığı ilə “Cinayətkarlığa qarşı mübarizənin aktual problemləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib. Tədbirdə Türkiyə, Macarıstan, Polşa, Moldova, Gürcüstan, Bolqarıstan, Serbiya, Özbəkistan, Tacikistan, Türkmənistan, Qazaxıstan və Qırğız Respublikasının nümayəndələri iştirak ediblər. Bununla yanaşı, Milli Məclis və DİN-in müxtəlif qurumlarının məsul şəxsləri, həmçinin Bakı Dövlət Universiteti, Polis Akademiyası və Milli Aviasiya Akademiyasının əməkdaşları, magistrant və doktorantları da tədbirə qatılıblar.

Konfransı açan Azərbaycan Respublikasının daxili işlər nazirinin müavini polis general-leytenantı İsmət Əliyev əsas məqsədin cinayətkarlığa qarşı mübarizədə innovativ yanaşmaların müzakirəsi, effektiv hüquqi mexanizmlərin təhlili və qlobal təcrübənin paylaşılması olduğunu vurğulayıb.

Tədbir panel çıxışlarla davam edib.

İştirakçıların təqdimatlarında cinayətkarlığa qarşı mübarizənin cinayət-hüquqi və kriminoloji aspektləri, müasir cinayət formaları və inkişaf tendensiyaları geniş şəkildə müzakirə olunub. Həmçinin cinayətlərin yeni növləri, onlara qarşı mübarizənin nəzəri və praktiki problemləri, hüquq-mühafizə orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi perspektivləri, istintaq və məhkəmə təcrübəsi barədə fikirlər səsləndirilib.

Konfrans çərçivəsində normativ-hüquqi bazanın təkmilləşdirilməsi, hüquq sisteminin müasir çağırışlara uyğunlaşdırılması, kibertəhlükəsizlik və rəqəmsal sübutlarla bağlı yeni normativ tənzimləmələrin hazırlanması prioritet istiqamətlər kimi önə çıxarılıb. Bundan başqa, hüquq-mühafizə orqanları arasında əməkdaşlığın gücləndirilməsi, operativ məlumat mübadiləsinin daha da sürətləndirilməsi, birgə təlim və hazırlıq proqramlarının təşkili, mərkəzləşdirilmiş məlumat bazalarının genişləndirilməsi və elmi-analitik fəaliyyətin gücləndirilməsi üzrə fikir mübadiləsi aparılıb. Cinayətkarlığın statistik və kriminoloji təhlilinə dair yeni elmi layihələrin hazırlanması da prioritet istiqamətlərdən biri kimi qeyd olunub.

Tədbirdə iştirak edən qonaqlar beynəlxalq konfransın təşkilini yüksək qiymətləndirib və əməkdaşlıqdan məmnunluqlarını ifadə ediblər.

Konfrans işgüzar və səmərəli mühitdə başa çatıb.

İsmət

Bütün xəbərlər Facebook səhifəmizdə