"Ermənistanın ölkəmizə vurduğu maddi və mənəvi zərbələri unutmamışıq" - ŞƏRH EDİLDİ
“Samirə Əfəndinin müsabiqə heyətinin üzvü kimi erməni ifaçıya verdiyi qiymət sənətə obyektiv yanaşma kontekstində müəyyən qədər anlaşılan hesab edilə bilər “. Bu sözləri SİA- ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə bildirib.
O, qeyd etdi ki, amma onun ifaçı ilə emosional yaxınlıq nümayiş etdirməsi, xüsusilə qucaqlaşma kimi jestlər ictimai şüurda ciddi narazılıq doğurmuş və geniş ictimai müzakirələrə səbəb olmuşdur: "Bu hadisə bir daha göstərdi ki, postmünaqişə mərhələsində cəmiyyətin kollektiv yaddaşı və psixoloji durumu nəzərə alınmadan atılan addımlar sosial gərginlik yarada bilər. İfaçı ilə qucaqlaşması cəmiyyətin ictimai-siyasi həssaslığı fonunda yersiz və etik baxımdan uyğun olmayan bir davranış kimi qiymətləndirildi. Azərbaycan cəmiyyəti hələ də müharibənin ağır nəticələrini, minlərlə şəhid, yaralı, məcburi köçkün, dağıdılmış şəhər və kəndlər, mənəvi travmalar bu müharibənin yalnız fiziki deyil, eyni zamanda dərin psixoloji izlər buraxdığını göstərir. Belə bir şəraitdə Ermənistan nümayəndəsi ilə nümayişkaranə səmimiyyət ictimai rəy tərəfindən xalqın ağrılarına qarşı həssas davranmamaq kimi qiymətləndirilmişdir. Qarabağ uğrunda gedən döyüşləri, şəhidlərimizin xatirəsini və Ermənistanın ölkəmizə vurduğu maddi və mənəvi zərbələri unutmamışdır. Bu səbəbdən belə hərəkətlərin ictimai şüurda narazılıq və emosional reaksiya doğurması qaçılmazdır.
Aydın məsələdir ki, dövlətlərarası münasibətlərin normallaşması, regional sabitliyin təmin olunması və vətəndaş cəmiyyəti səviyyəsində qarşılıqlı əlaqələrin inkişafı vacib və strateji əhəmiyyət kəsb edir. Lakin bu proseslər həyata keçirilərkən cəmiyyətin mənəvi-psixoloji durumu, kollektiv yaddaşı və hələ də sağalmamış yaraları nəzərə alınmalıdır. Müharibənin yaratdığı ağrı və itkilər hələ də xalqın yaddaşında yüksək həssaslıqla qalır və bu reallıqdan kənar davranışlar sosial gərginliyə səbəb ola bilər.
Bu baxımdan Samirə xanımın davranışı ictimai reaksiyaya səbəb olmuş və cəmiyyət tərəfindən tənqidi mövqedə qarşılanmışdır. Belə hallarda ictimai şəxsiyyətlərin daha ölçülü, məsuliyyətli və həssas davranmaları zəruridir. Xüsusilə gənc nəsil üçün bu hadisə bir nümunə kimi dəyərləndirilməli, xalqın hisslərinə və milli yaddaşa hörmət prinsipi ön planda saxlanılmalıdır.
Unutmamalıyıq ki, müharibə başa çatmış olsa da, münasibətlərin normallaşması zəruri və qaçılmaz proses olsa da, bu yolun milli heysiyyətə, tarixi yaddaşa və xalqın mənəvi dəyərlərinə zidd addımlarla deyil, düşünülmüş və məsuliyyətli davranışlarla müşayiət olunması vacibdir. Onun sosial-psixoloji izləri hələ də tam silinməmişdir. Qonşuluq münasibətlərinin qurulması və qarşılıqlı dialoqun inkişafı labüd olsa da, bu proseslərin milli hissiyat və ictimai həssaslıq çərçivəsində aparılması xüsusi diqqət tələb edir”.
Günay Hacıyeva
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB