İmişlidə gənclərlə görüş - FOTOLAR

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) təşkilatçılığı ilə İmişlidə tədbir keçirilib. İmişli Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Vətənpərvər Azərbaycan gəncliyi – Sağlam gənclik, sağlam gələcək” mövzusunda təşkil edilən görüş Heydər Əliyev Mərkəzində baş tutub. Dövlət Xidmətindən SİA-ya verilən məlumata görə, görüşdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Elçin Rzayev belə tədbirlərin gənclərdə vətənpərvərlik hissinin artmasına müsbət təsir göstərdiyini bildirib.

Tədbirdə çıxış edən SHXÇDX-nin Çağırışaqədərki hazırlıq idarəsinin rəisi polkovnik-leytenant Füzuli İsmayılov müharibə zamanı gənclərin vətənpərvərliyindən, sabahın əsgəri olacaq çağırışçıların fiziki və psixoloji statuslarının yüksək səviyyədə saxlanılması istiqamətində həyata keçirilən tədbirlər barədə danışıb, həmçinin ölkəmizdə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsindən söz açıb.

Dövlət Xidmətinin İctimaiyyətlə iş və beynəlxalq əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov ali məktəbə daxil olmağa hazırlaşan gənclərə tövsiyə və məsləhətlərini verib. Həmçinin xaricdə təhsil, təhsilə görə verilən möhlət, bir sıra xidmətlərin rəqəmsallaşması barədə də məlumat çatdırıb.

Daha sonra SHXÇDX-nin İmişli rayon şöbəsinin rəisi polkovnik Ruslan İsmayılov ilkin hərbi qeydiyyat, tibbi şəhadətləndirmə, çağırışçıların hüquq və vəzifələri barədə məlumat verib və tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıb.

Tədbirdə iştirak edən Vətən müharibəsi iştirakçıları və şəhid ailələri də çıxış edərək, gənclərin vətənpərvər ruhda yetişməsinin önəmindən danışıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə