"Həyət oyunlarının yoxluğu uşaqların inkişafını zəiflədir" - SOSİOLOQ DANIŞDI

"Küçə mədəniyyətinin zəifləməsi, uşaqların və yeniyetmələrin artıq həyətlərdə oynamaması ilk baxışda sadə bir problem kimi görünsə də, çox ciddi və dərin sosial, neyrobioloji polifaktor köklərə malikdir". Bu sözləri SİA-ya açıqlamasında İctimai xadim, şəhid ailələrinə dəstək tədbirlərinin təşkilatçısı, xeyriyyəçi, sosioloq Arzu Əliyeva deyib.

Onun sözlərinə görə, bu amillər görünməz bağlarla bir-biri ilə bağlanıb və bir-birini induksiya edirlər: "Uşaqlarda və yeniyetmələrdə küçə mədəniyyəti, ailədə və cəmiyyətdə olan mədəniyyəti özündə əks etdirir və bu bir aksiomadır.

Sosial romantizmə məxsus dünyaya baxış olan “insan insanın dostudur və qardaşdır” tezisi, kapitalizmə məxsus rasional mövqe, yəni “insan insana dost yox, rəqibidir” tezisi ilə əvəzlənmə prosesi yaşayır. Cəmiyyətdə kapitalizmə məxsus maddi rifah uğrunda gedən gərgin mübarizə nəticəsində mənəvi məkanda milli dəyərləri, həssaslığı, xeyirxahlığı rasional təfəkkür, biganəlik, soyuqqanlılıq və yad ənənələr əvəz edir. Cəmiyyətdəki bu amillər ailə və tədris müəssisələrində də özünü göstərir.

“Kim informasiyaya sahibdirsə, dünyanı o idarə edəcək” şüarı altında yazılmış tədris proqramları xaotik informasiya axarını şərtləndirir. İnkişafda olan uşaq və yeniyetmə psixologiyası ciddi informasiya hücumuna məruz qalır. Bu gün uşaqların və yeniyetmələrin psixologiyası həyətdə yaşıdları ilə oynayarkən deyil, virtual məkanda, kompüter və mobil telefon önündə formalaşır.

Faciəvi məqamlardan biri budur ki, Qərb dünyası bu informasiya xaosundan istifadə edərək virtual məkanda bizə, Şərq dünyasına yad olan öz “mədəniyyətini” və “mənəvi” dəyərlərini aşılamağa nail olub. Milli ənənələrin və ailə dəyərlərinin aşağılanması, cinsi azlıqların təbliği, qəddarlığın qəhrəmanlıq kimi təqdim olunması və sair buna misaldır.

Psixi şüurun həcmi ilə informasiya axarı arasında qeyri-mütənasiblik, yəni xaos və ziddiyyət hökm sürür. Çarlz Darvinin təkamül nəzəriyyəsini heç kim inkar edə bilməz. İndiki zamanda əzələ sisteminin yox, sinir sisteminin inkişafı gedir. Bu proses labüd və qaçılmazdır. Bu isə orqanizmdə neyrofizioloji gərginliyin, nevrozların yaranması ilə nəticələnir. Sinir xəstəliklərindən əziyyət çəkən uşaqların və yeniyetmələrin sayının çoxalması buna sübutdur.

Nəticə göz qabağındadır. Uşaqlar və yeniyetmələr arasında qəddarlıq, laqeydlik, aqressivlik normaya çevrilir. Yeniyetmələr tərəfindən törədilən ağır cinayətlərin sayı getdikcə artır. Bu amilləri hiperinfomasiya böhranı kimi dəyərləndirmək daha düzgün olar. Mən inanıram ki, gələcəkdə rasional ağıl ilə ruhani dəyərlərin sintezi nəticəsində insan öz möhtəşəmliyinə qovuşacaq".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə