İnsanın yaxşılığı paylaşması bəzən motivasiyaedici faktor kimi çıxış edir" - PSİXOLOQ RƏY BİLDİRDİ

"Sosioloji və psixoloji aspektdən yanaşdıqda, yaxşılıq etmək cəmiyyətin sosial toxumasını gücləndirən mühüm dəyərlərdən biridir. Əslində altruizm – qarşılıq gözləmədən edilən yaxşılıq – həm fərdin daxili məmnuniyyət hissini artırır, həm də ictimai həmrəyliyi möhkəmləndirir. Lakin müasir dövrdə sosial media və PR tendensiyaları fonunda bu mövzu ətrafında mübahisələr yaranır: yaxşılıq reklam vasitəsi olmalıdırmı"? Bu sözləri SİA-ya açıqlamasında psixoloq Aytən Ələkbərova deyib.

Onun sözlərinə görə, psixoloji tərəfdən baxdıqda, insanın etdiyi yaxşılığı paylaşması bəzən motivasiyaedici faktor kimi çıxış edir. Çünki yaxşı nümunələrin yayılması başqalarını da oxşar davranışlara sövq edə bilər. Bu, müsbət sosial təsir adlanır və psixoloji tədqiqatlara görə, ictimai nümunə çox zaman davranış modellərinin formalaşmasında əsas rol oynayır: "Yəni yaxşılığın göstərilməsi, əgər məqsəd insanları xeyirxah işlərə təşviq etməkdirsə, pozitiv nəticələr doğura bilər. Sosioloji baxımdan isə burada iki mühüm məsələ var: birincisi, yaxşılığın kommersiya və ya şəxsi imic məqsədi ilə sui-istifadə olunması; ikincisi isə ictimai məkanda şəffaflıq məsələsi. Əgər edilən yaxşılıq yalnız brend tanıtımı, şəxsi populyarlıq və ya siyasi divident üçün istifadə olunursa, bu, altruizmin mahiyyətini itirir və cəmiyyətdə etimadsızlıq yaradır. Bu cür davranışlar insanların səmimiyyətə olan inamını azaldaraq sosial münasibətlərdə riyakarlıq hissini gücləndirir. Psixoloji baxışda da bu məsələ ikili xarakter daşıyır: yaxşılıq etmək insanda dopamin və serotonin ifrazını artırır, xoşbəxtlik hissi yaradır. Lakin yaxşılıq yalnız sosial təsir və ya reklam üçün edilirsə, bu, şəxsdə “eqo mərkəzli motivasiya” adlanan vəziyyəti ortaya çıxarır. Belə halda, əməlin mənəvi dəyəri azalır və insan davranışı daha çox faydayönümlü olur.

Nəticə etibarilə, yaxşılıq etmək əsl dəyərini yalnız səmimiyyət və qarşılıqsız niyyətlə qoruyur. Əgər paylaşmaq məqsədi digərlərini təşviq etməkdirsə, bu, cəmiyyətdə xeyirxahlıq mədəniyyətini gücləndirə bilər. Ancaq yalnız reklam və şəxsi imic üçün edilən yaxşılıq həm psixoloji, həm də sosioloji baxımdan mənfi təsir yaradır və sosial dəyərləri kommersiyalaşdırır".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə