Böyük təbiət alimi, maarifçi Azərbaycan Milli Mətbuatı - 150

Bəxtiyar Hüseynov,
Yazıçı-ekoloq,
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü

XIX əsr Azərbaycan mədəniyyətinin və elminin ən görkəmli nümayəndələrindən biri də Həsən bəy Zərdabi olmuşdur. Bəri başdan qeyd edək ki, Həsən bəy Zərdabinin bir təbiətşünas alim kimi yetişməsində Azərbaycan elmi ənənələri və XIX əsrin elmi və ictimai mühiti mühüm rol oynamışdır.

Həsən bəy Zərdabi 1842-ci ildə Göyçay qəzasının Zərdab kəndində anadan olmuşdur. Babası Rəhim bəy
və atası Səlim bəy dövrün açıq düşüncəli, elmə, mədəniyyətə maraq göstərən bəylərindən olmuşlar. Hətta, mənbələrin verdiyi məlumata görə, Səlim bəyin evində müxtəlif kitab müzakirələri, diskussiyalar keçirilərmiş. H.Zərdabi belə bir mühitdə həyata göz açıb addımlamağa başlamışdır. Dövrün adətlərinə uyğun molla məktəbində oxumuş, dini öyrənməklə yanaşı öz dövrünün təhsil düşüncəsinə uyğun məşhur ədəbi və elmi əsərləri öyrənmişdir. Sonralar təhsilini davam etdirərək Şamaxı pansionuna qəbul olunmuşdur. Aydındır ki, bu məktəblərin açılması rus işğalından sonra olmuşdur. Rusiya bütün işğalçılıq və ilhaqçılıq niyyətləri həyata keçirərkən özünün mədəni sahədə bəzi zəruri planlarını da həyata keçirməyi unutmamışdı. Müsəlman balalarının, xüsusilə, bəy- mülkədar və digər imtiyazlı təbəqənin övladlarını təhsilə cəlb etməsi bir tərəfdən özünə elmi-mədəni, sosial baza yaratmağa kömək edirdisə, digər tərəfdən xalqın vətənpərvər ziyalılarının formalaşmasına özündən asılı olmayaraq kömək edirdi.Məhz rus dilini dərindən bilən Həsən bəy kimi Vətən övladları təhsillərini artırmaq, elmlərini dərinləşdirmək üçün dövrün imkan verdiyi bütün vasitələrdən istifadə etməyə çalışırdılar.

Həsən bəy Məlikov elmə, təhsilə xüsusi məhəbbət göstərmişdir. Bu məhəbbət ona göstərilən ətraf təsirlərə baxmayaraq, onun təhsilini davam etdirmək arzusu qarşısnda sipər çəkə bilməmişdir. O, əvvəl Tiflis Qəza Seminariyasını bitirmiş, 1861-ci ildə Moskva Dövlət Universitetinin fizika- riyaziyyat fakültəsinin təbiət şöbəsinə daxil olmuşdur. Universitet təhsili onun gələcək perspektivləri üçün böyük imkanlar açır. Yeni mühit ona daha yüksək elmi və ictimai düşüncə bəxş edir. O dövrün elmi mühiti, rus ziyalıları təbəqəsi Həsən bəy Məlikovun həyatında parlaq düşüncələrə yol açdı. Bir tələbə kimi yalnız elmin incəliklərini deyil, qabaqcıl rus ziyalılarından, alimlərindən Vətənə, doğma xalqına fədakarlıqla xidmət etməyinin sirlərini də dərindən öyrənirdi. Elmə, mədəniyyətə bağlılıq, böyük istedad oxuduğu universitet alimləri tərəfindən də yüksək dəyərləndirilir. Universiteti 1865- ci ildə bitirərkən elmi şuranın qərarı ilə ona birbaşa təbiət elmləri namizədi alimlik dərəcəsi verilir.
1869-cu ilədək müxtəlif dövlət vəzifələrində işləyən Həsən bəy həmin il Bakı real gimnaziyasına təbiət tarixi müəllimi vəzifəsinə təyin edilir. Müəllimlik xalqını maarifləndirmək, gənc nəslə elmin sirlərini öyrətmək və xalqını yeni nurlu üfüqlərə yönəltmək məqsədi daşıyırdı. O, ölkəmizin ilk ali təhsilli müəllimi idi. Böyük maarifpərvər və alim təhsilin müasir tələblərə cavab verən təməl üzərində qurulmasına var qüvvəsi və cavanlıq enerjisi ilə çalışırdı. Nəcəf bəy Vəzirov, Əsgər bəy Adıgözəlov kimi görkəmli Azərbaycan ziyalıları Həsən bəy Zərdabidən dərs almış və Rusiyanın müxtəlif ali məktəblərində təhsillərini davam etdirmişlər. O, təbiət elmlərinin sirlərini şagirdlərə öyrədirdi. Sonralar məktəblilər dərgisi olan “Dəbistan” jurnalı yazacaqdı: “Həsən bəy şagirdlərə tarixi-təbii (təbiət tarixi) elmlərini öyrədir. Bu elmlər insanı dünyanın bir çox gizlin və qaranlıq işlərindən xəbərdar edir. Bu mühüm nöqtəni yaddan çıxarmayıb, Həsən bəy təbii elmlərinin bir çox qismlərini türkcə yazmağa çalışdı”. Həsən bəy şagirdlərini müxtəlif ali məktəblərə istiqamətləndirir, onlara səmimiyyətlə gələcəyin uğurlu yollarını göstərirdi.

Həsən bəy Zərdabi kasıb tələbələrin, şagirdlərin qayğısına, halına yanardı. Gimnaziyada bunlara yardım göstərirdi. Xeyriyyə cəmiyyəti yaradırdı. Bakı real məktəbinin məzunları ali məktəblərə qəbul olanda Həsən bəyin səmimi atalıq duyğu və qayğılarını unutmur, ona minnətdarlıq məktubları yazırdılar. Onun yaratdığı “Xeyriyyə cəmiyyətini”nin xidmətlərini yada salırdılar.

Xalqın imkanlı zümrəsini ayağa qaldırıb birləşdirib, milləti total şəkildə maarifləndirmək işini yoluna qoymaq üçün qəzet çap etməyi qarşısında məqsəd qoyur. Qəzet çıxarmaqdan məqsədi isə odur ki, “kağızın üstə yazılmış doğru sözləri qapı- pəncərələrdən o iman mənzillərinə çata bilsin. Heç olmaz ki, doğru söz yerdə qalsın”. Həsən bəyin arzuladığı qəzet 22 iyul 1875-ci ildə “Əkinçi” adı altında çap olunmağa başladı. Azərbaycan milli mətbuatının qaranquşu olan bu qəzet Rusiya müsəlman türk aləmində, türk dilində çıxan ilk qəzet idi və qısa müddət ərzində Azərbaycan ziyalılarını birləşdirməyi və ümummilli strateji məqsədlərin ən azı görüntülərini-cizgilərini müəyyənləşdirməyi bacardı. “Əkinçi” böyük içtimai amallar qəzeti olmaqla yanaşı, həm də əkin və ziraət qəzeti idi. Kənd təsərrüfatına, yurdumuzun təbiətinə, təbiətin elmi təhlilinə həsr olunmuş məqalələr maraq doğururdu. Torpaqlardan düzgün istifadə, su, torpaq, havanın əhəmiyyəti, tədqiqi, yeni əkinçilik metodları elmi izahını tapırdı. Zərdabi qəzetə geniş prizmadan baxırdı: Cəhalət və mövhumat anlamının həm içtimai-siyasi, həm elmi, mədəni təsvirini verirdi. Təbiətə, kənd təsərrüfatına yanaşmada da mövhumat və cəhaləti, elmi geriliyi sərt tənqid edir, sadə və inandırıcı şəkildə fikirini oxuculara çatdırırdı.

Həsən bəy Zərdabinin keçmiş tələbələrindən Məmmədtağı Əliyev Moskvadan 29 mart 1879-cu ildə öz müəlliminə yazırdı: “Doğrudan da, qəzet öz həyatının məqsədini başa düşən bir adam üçün həzm üzvü kimi bir üzvdür. Həzm üzvü olmadan çox yaşamaq mümkün olmadığı kimi, fikir yayan bir üzv olmadan da uzun müddət yaşamaq mümkün deyildir”. Saysız-hesabsız belə münasibətlər, reaksiyalar Həsən bəyə dəstək , işinin mahiyyətinin başa düşülməsinə havadarlıq idi. 29 sentyabr 1879-cu ildə qəzetin bağlanması Həsən bəyin elmi və içtimai düşüncələrinin önünə sədd çəkə bilmədi. O, fəaliyyətini müxtəlif vasitə və üsullarla davam etdirir, onu eşidənləri elmlənməyə, müasirləşməyə çağırırdı. Hər kəs öz işi ilə az-çox dərəcədə buna nail olursa, bu ümumilikdə millətin hərtərəfli fomalaşmasına, xalqların müasirlik ölçülərinə uyğunlaşmasına, xalqımızın yüksəlişinə cavab verirdi. Qəzetin müsbət mənada yaratdığı təlatümlər onun naşirini çarizmin və yerli danosbazların diqqət mərkəzində saxlayırdı. Qəzet iki ildən sonra bağlansa da, onun səpdiyi sağlam toxumlar sonralar göyərməyə başlamış, Həsən bəyin arzuladığı mübariz və dayanıqlı bir təbii mühit yaratmaq üçün mübarizəyə girişmişdi. Amma ağırlaşan maddi durumu müqabilində üstəlik onu Bakı real məktəbindən də azad edirlər. Rus çarizmi xalqın ziyalılarını belə boğurdu. Təəssüf ki, bu işdə bizim korafəhmlərin “zəhməti” də az deyildi. Böyük alim doğma Zərdaba köçməli olur. Orada təbiətə aid ən monumental əsrələrini yazmağa başlayır. O, kənddə (Zərdabda) uzunmüddət (1879-1896) yaşayır.

H.Zərdabi kənddə də narahat qəlbinin səsini eşidir, xalqın maariflənməsi işinə töhfə verir. Məktəb açılışına nail olur. Hər tərəfdən ona edilən tənə və təzyiqlərə, hücumlara ləyaqətlə, cəsarətlə cavab verir. Mətbuatla da əlaqəsini kəsmir. 1896-cı ildə Bakıya köçür. Burdakı ziyalı mühitinin yetişməsini görüncə qürurlanır, yeni qüvvə ilə fəaliyyətə başlayır. On il müddətində Bakı Şəhər Dumasında üzv kimi fəaliyyət göstərir. Həm milli, həm də yadelli düşmənlərə qarşı qanunçuluq müstəvisində mübarizə aparmalı olur. Dumada

fəaliyyət göstərdiyi vaxtlarda bir çox faydalı qərarların qəbul edilməsinə, yaxud düzəlişlər edilməsinə nail olur.
Böyük maarifpərvərin mühüm xidmətlərindən biri də Nəriman Nərimanovla birləşib kitabxanalar açılmasına kömək etmək, xüsusən müəllimləri birləşdirən qurultay çağırmaq oldu. O, “Həyat”, “Kaspi”, “Dəbistan” və digər mətbuat orqanlarından bir rupor kimi istifadə edirdi. Həsən bəy Məlikov saf və qeyrətli bir ziyalı idi. Nəcəf bəy Vəzirov onun haqqında yazırdı: “Həsən bəyin niyyəti pul deyildi, Həsən bəy axıradək pul adamı olmadı, pula etina etmədi. İstəsəydi, Bakının əvvəlinci milyonerlərindən olmağı asanlıqla mümkün idi.... Çoxdur belə iş görənlərimiz? Çoxdurmu belə saf, sadiq, biqərəz iş dalınca gedənlərimiz?” Həsən bəy Zərdabi ziyalıların ağsaqqalı, öndə gedəni idi. Həqiqi ziyalılarımız ona yüksək dəyər verirdilər. 1907-ci ilin payız günlərindən birində özü qədər sevdiyi təbiətin qucağına köçdü. Abdulla Şaiq onun tabutu önündə “Alim, mütəfəkkir Həsən bəy Zərdabi” şeirini söylədi. Şeir “İrşad” qəzetində dərc edildi. Şeirdə deyilirdi:

Bu sənmisən, ey dahi, o tabut qucağında? Sönmüşmü həyatın belə məhsullu çağında? Ey şanlı “Əkinçi”, sən idin gəncliyə rəhbər! Aldı səni bizdən ölüm, ey nur saçan ülkər! Ey adlı, şərəfətli, fədakar, böyük insan,
Aləmlərə sığmaz vətənə etdiyin ehsan... Bar vermədədir bəslədiyin dadlı diləklər. Almış sənin ətrafına bax, canlı çiçəklər.

Həsrət gözünü aç bir an, ey şanlı mücahid, Minlərlə bu məktəbli cavanlar buna şahid. Yordu o zəif cismini zəhmət və məşəqqət. Doğma vətənin qoynuna gir, ol daha rahət. Gəlmiş hamı qəlbində kədər, son görüşə, bax
Mümkünmü səni, ey böyük insan, de unutmaq.

Həsən bəy Zərdabi parlaq bir ulduz idi. Onun zəkası əcnəbi alimlər tərəfindən yüksək qiymətləndirilmiş, Moskva Dövlət Universitetinə tələbə kimi daxil olmuş, təbiət alimi kimi oranı bitirmişdir. O, ölkəmizdə ilk ali təhsilli müəllim, bütün rus müsəlman aləmində ilk milli qəzetin naşiri olmuşdur. İlk müəllimlər qurultayı (N.Nərimanovla birlikdə) çağırmışdır. Kitabların, müasir tipli məktəblərin açılmasında əvəzsiz rol oynamışdır. Bakı Dumasında fəaliyyət göstərmiş, cəsarətli çıxışları, səmərəli və starateji təklifləri ilə xalqımızın rəğbətini, nankor duma rəhbərlərinin nifrətini qazanmışdır. Azərbaycan teatrının, mədəniyyətinin inkişafında ölçüyəgəlməz xidmətləri qeyrətli bir Vətən oğlunun böyük dünyasından xəbər verirdi. Onun elmi, publisistik və digər yazıları, məqalələri, əsərləri xalqımızın milli, elmi təfəkkürünün və dünyagörüşünün formalaşmasında bir nəslin gördüyü, görə biləcəyi işləri görmüşdür. Alim kimi, jurnalist kimi, müəllim kimi, duma üzvü kimi onun çoxcəhətli fəaliyyəti Azərbaycan ziyalıları üçün örnək idi, məhək daşı idi. Onun mütərəqqi, qabaqcıl düşüncəsi elmi əsərlərində də əyani əksini tapmışdır. Onun elmi əsərləri içərisində təbiətlə, təbiətşünaslıqla bağlı “Təbiət və insan” harmoniyasını təcəssüm etdirən “Torpaq, su və hava”, “Qan nə dövr bədəndə dövr edir?”, “İnsanın bədəninin hissələri”, “Xörək yemək, su içmək” və başqa əsərləri öz dövrünə görə təbiətşünaslıq elminə, xüsusilə Azərbaycan təbiətşünaslığına mühüm töhfə olmuşdur. Ona görə də Azərbaycan alimləri, tədqiqatçıları Heydər Hüseynov, Ziyəddin Göyüşov, Mirəli Axundov, Məhəmmədəmin Əfəndiyev, İzzət Rüstəmov onun yaradıcılığını monoqrafiyalar səviyyəsində tədqiq etmişlər. Azərbaycanın məşhur simalarından Mirzə İbrahimov, Feyzulla Qasımzadə, Kamal Talıbzadə, Abbas Zamanov.. Zərdabinin həyat və yaradıcılığına qiymətli əsərlər həsr etmişlər. Həsən bəy Zərdabini həm görkəmli tədqiqatçı alim, həm də maarifpərvər xadim kimi tədqiq etmişlər.

Tədqiqatlardan öyrənirik ki, “Əkinçi”nin ayağa qaldırdığı, dövriyyəyə buraxdığı ideyalar milləti oyadır, çalxalayır, qütbləşmədə elmin üstünlüklərinə rəvac verirdi. Həsən bəyin “Torpaq, su və hava” əsəri bu cəhətdən sanballı təsir bağışlayır. Bu elə bir dövrdə yazılıb çap olunmuşdu ki, o dövrdə hər zaman həqiqi ziyalıları fitnələr gözləyirdi. Ölüm gözlə qaş arasında idi. Xalqı cəhalətdən qoparmaq, onu təbiətşünaslıq elminin ixtiyarına vermək çox müşkül məsələ idi. Həsən bəy belə bir zamanda -1905-ci ildə “Həyat” qəzetinin bir çox saylarında “Torpaq, su və hava” əsərini, digər elmi-təbiətşünaslıq məqalələrini çap etdirmişdir. O, torpağın, Yer kürəsinin yaranmasının təbii şəraitlə bağlı elmi, təkamül nəzəriyyəsindən çıxış edərək Yerin, cansızların, canlıların yaranmasının tarixi elmi izahını verir, təkamül amilini ön sıraya çəkərkən həm dünya, həm rus elminin naliyyətlərindən istifadə edirdi. O, təbiət eliminin böyük alimlərinin əsərlərindən çıxan nəticələri və özünün elmi baxışlarını sadə və məntiqi dillə inandırıcı şəkildə oxucularına çatdırırdı. Suyun əmələ gəlməsi, qitələrin-torpağın yaranması, dəryalar, cəzirələr (adalar) haqqında müfəssəl məlumat verir. Dalğaların yaranması, zəlzələlər və vulkanlar, uçqunlar və daşqınlar haqqında maraqlı araşdırmalar aparmışdır. O, köhnə dünyanın beş qitədən (hələ o vaxt Antarktida kəşf olunmamışdı) ibarət olduğunu, onların üçünün - Avropa, Asiya, Afrikanın köhnə, Amerika və Avstraliyanın isə yeni dünya olduğunu oxucularına çatdırırdı. Həsən bəy Zərdabi Yerin qatları, faydalı qazıntıların yaranması, yerin maqma qatı-daxili istiliyi haqda maraqlı məlumatlar verir. Zəlzələlər, vülkanlar-yanar dağlar haqqında verilən məlumatlar, ola bilsin, bu gün bizdə sadə təəssürat yaratsın. Ancaq əsrin əvvəlində bunun doğurduğu marağı və cazibəni sözlə ifadə etmək çətindir. Təsadüfi deyil ki, məqalələri maraqla izləyən oxucular qəzeti ardıcıl izləyir, Azərbaycan oxucusu, Azərbaycan mətbuatı inkişaf edirdi.

Yer üzünün və içinin sirləri ilə oxucuların gözünü açan Həsən bəy Zərdabi zəlzələlərin də dərin təhlilini verir.

Həsən bəy Zərdabi dəniz (dərya) heyvanlarından, onların yaranmasından danışır. O, görkəmli ingilis alimi Darvinə istinad edir, onun fikirlərini süzgəcdən keçirir. Bu, bir daha onu da təsdiq edir ki, Həsən bəy dünya elminin son nailiyyətlərini dərindən bilmiş, yüksək mütaliəsi və elmi təfəkkürü ilə elmimizi silkələmişdir.

Həsən bəy Zərdabi “İnsan bədəninin florası”, “Qan dövranı” və başqa əsərlərində təbiətşünaslığın əldə etdiyi nailiyyətlər səviyyəsində oxucularına məlumat verir. Onları maarifləndirir, eyni zamanda Azərbaycan təbiətşünaslıq elmini zənginləşdirirdi. Onun əsərləri öz dövrünə görə dərin və hərtərəfli ensiklopedik zəka ümumiləşdirilməsi idi. Öz xalqına bütün varlığı ilə xidmət edirdi. Əsərlərini gah Bakıda, gah Tiflisdə, gah Azərbaycanca, gah da rusca çap etdilirdi. Elmi- püblisistik məqalələrinin siqləti çox böyük idi. Həsən bəy insan bədəninin florasını araşdırarkən təbiətimizin florasını da yaddan çıxarmırdı. O, daha çox meşələrə toxunmuş, meşənin makromühitdə tutduğu əvəzedilməz rolunu müəyyənləşdirirdi. Onun tədqiqatlarından məlum olur ki, meşə karbon qazının tənzimləməsində, oksigenin bərpasında, şirin suların toplanmasında və qorunmasında mühüm rol oynayır. O, bulaqların, quyuların suyunun analizini verir. Təhlil və izahları çox sadə və anlaşıqlıdır: “Quyu və bulaq suyunun soyuqluği onun yer altında nə dərinlikdən çıxmağındandır. Nə qədər dərindən çıxırsa, o qədər soyuq olur. Onun duzunun qədəri və xasiyyəti yer altında rast gələn duzların qədəri və xasiyyətləridir. Belə duzu və qazı çox olan suda çimmək və onu içmək, bəzi naxoşluqdan insanı xilas edir.Bəzi suda hamizi-karbon qazı ərimiş olur və ona görə də su əhəngi artıq əridir.Belə suyun içində bir şeyi bir az saxlayanda onun üstünü əhəng basıb, o şey surətində əhəngdaşı əmələ gətirir”.

Yaxud H.Zərdabi hava haqqında məqaləsində yazır: “Zikr olan qazların rəngi, dadı və iyi yoxdur və əgər olsaydı, dünyada olan şeylərin rəngini, iyini və dadını bilmək olmazdı. Məsələn, havanın rəngi sarı olsaydı, dünyada olan şeylərin hamısının rəngi sarı olardı... Necə ki, suda əriyən duz axar su ilə gedib dəryalarda cəm olur, habelə yer üzündə hər şey qara dönəndə havaya qarışır. Hansı yerdə fabrik və zavod var, onlardan rədd olan qazların insana zərəri var, o yerin havası da insana zərərdir. Fabrik və zavod olmayan yerdə, od az yanan və insan az olan yerdə, yəni kəndistanda, bağ və meşələrdə belə zərərli qazlar çox sağlığı təbiət və insan harmoniyasında görür. Ona görə meşələrin qırılması ilə heç vəchlə barışmırdı. “Bizim dağlarımız vaxtilə sıx meşələrlə örtülü olmuş, sonra bu meşələr qırılmış və bunun nəticəsində çaylarımızda olan suyun miqdarı azalmışdır”. Bir əsr bundan əvvəl deyilmiş bu mənalı, elmi əsaslı sözlər bu gün də bizim üçün əvəzsiz örnək mənbəyidir. H.Zərdabi Vətənimizi yamyaşıl, səhralarsız görmək istəyirdi. Buna ölkəmizin mülayim iqlimi, hava şəraiti, su resursları imkan verir. “Vilayətimizin ab-havasının dəyişməsinə səbəb meşələrin azalması olduğundan gərək təzədən meşə salaq”. Alimin narahatlığı aşağıdakı sətirlərdə daha aydın görünməkdədir:” … “biz meşələrimizi qırıb tələf etmişik və hər tərəfdən yayda müsəlla sədası və qışda təzək tüstüsü gəlir”.

Təbiətşünas alimin “Zaqafqaziya çöllərində meşə salınması” məqaləsində yaşıllığın artmasının iqlimə, havaya müsbət təsirini əsaslandırır. Yerin iqliminin dəyişməsi müxtəlif səbəblərdən asılıdır, burada mühüm rolu bitki örtüyü oynayır. Meşə sahələrinin və müxtəlif ağacların azalması iqlimi qeyri- sabit edir. İstidən soyuğa və əksinə keçidlər kəskin olar”.

H.Zərdabi hələ XIX əsrin axırlarında ölkəmizin quraq keçən bölgələrində meşə salınması fikrini irəli sürür:
...“yanmış adamsız Muğan, Mil, Kürdəmir çöllərində meşələrə böyük ehtiyac vardır. Hətta nabələd adam da başa düşər ki, burada iqlimi yaxşılaşdırmaq, torpağı rütubətləşdirmək və s. üçün meşə salınması nə qədər yaxşı olardı”. Görkəmli təbiətşunas meşə salınmasının verəcəyi faydaları bir-bir nəzərindən keçirir, bunların faydalarını əsaslandırırdı. Bitkilər və heyvanlar arasında balansın, tənasübün qorunması təbiətdə inkişaf hormoniyası yaradır. Heyvanlar və bitkilər aləmi təbiətdə bir-birindən müəyyən asılılıqda olurlar-deyirdi. Elmi nəticələrə dürüst əməl edilmədikdə bunun verəcəyi fəsadları da oxucuların nəzərinə çatdırır: “Beləliklə, biz görürük ki, bitkilər və heyvanat aləmi arasında müvazinət müasir dövrdə, hələ insanların xeyrinə pozulursa, lakin bu hələ də cəzasız qala bilər, lakin bitkilər və heyvanlar aləmi arasında başqa və bilavasitə bir asılılıq da vardır ki, bunun cüzi də olsa pozulması yer üzərindəki həyatın harmoniyasını pozar”. H.Zərdabinin əsərlərində bitkilərin və heyvanların tənəffüsü, qidalanması və digər məsələlər kompleks halında elmi təhlilə cəlb olunur. Bundan çıxış edərək ölkənin fauna zənginliyini qoruması haqqında fikir və mülahizələrini irəli surur. Balıq ovunun qanunsuz aparılması, meşələrin sistemsiz qırılması və digər məsələlərdən narahatlığını ifadə edir. “Süni balıq yetişdirmək” adlı məqaləsində narahatlığını belə ifadə edir: “Mədəniyyətsiz adam bir yırtıcı kimi təbiətin verdiyi nemətləri məhv edir və sonra oturub acı göz yaşları axıdır ki, onun torpağı gücdən düşmüş, çayları dayazlaşmış və s. Bu talan edilən təbii nemətlərə balıq sərvəti də daxildir. Sularımızda balıqların azalması ildən-ilə artır ki, bu da onun rasionla tətbiq edilməsindən irəli gəlir”. H.Zərdabi sanki iki yüz il bundan əvvəl ekologiyamızda bügünkü durumu görür, insanların təbiətdən hormonik və ölçü-biçili istifadəsinin istiqamətlərini müəyyənləşdirir: “Balıq çox ucuz olduğundan sadə Asiya camaatının asan əldə edilən qidasını təşkil edir, belə qida isə onun orqanizminin əzələlərinə güc və qüdrət verir. Buna görə də balıq yetişdirilən təsərrüfatın yaradılması və süni balıq yetişdirmək məsələsi bir zərürət kimi qarşıda durur” (“Kaspi” qəzeti).

Həsən bəy Zərdabi Azərbaycan çaylarının imkanlarında xalqın firavanlığı naminə istifadə etməyi sellərin, daşqınların qabağını almağı tövsiyə edirdi. Bu cəhətdən Kür və Araz çaylarını elmi əsaslarla ram etməyi, quraq çölləri onun hesabına suvarmağı, səhralaşmış çöllərimizi canlandırmağı vacib sayırdı. “Nə vaxta qədər Kür bizə ana deyil, acıqlı ögey ana olacaqdır? Onu cilovlamaq, özümüzə tabe etmək, öz istədiyimiz vaxtda əkinlərimizi suvarmağa və gübrələməyə məcbür etmək vaxtı çatmamışdırmı?” Yaxud başqa bir məqalədə bu məzmünlü sualla insanlarımızı mühakimə edirdi: “Acıqlı Araz əsrlər boyu gözləyir ki, nə vaxt ... onun sularını ona yapışıq olan Muğan çölünə çəkib oranı suvaracaq və yaşamaq üçün əlverişli edəcəkdir?”

O, vaxtilə “Kaspi” qəzetində çap etdirdiyi bir məqalədə Mingəçevir dəryaçasının sanki əsaslandırılmış planını verir: “Bu cür suvarma kanallarının başlanğıcı Mingəçevir poçta stansiyasına yaxın dağlar ola bilər. O, zərurət tələb etdiyi qədər sahildən çəkilib düzənlikdə gedə və beləliklə, məcraya qədər çata bilər. Əlbəttə, müxtəlif topoqrafik xususiyyətlər kanalların həm başlanğıcını, həm də istiqamətini dəyişdirə bilər, ola bilsin ki, bir kanal əvəzinə bir neçəsi tələb edilsin, bunlardan hər birinin özünün xüsusi başlanğıcı, xüsusi rayonu oldu. Bir sözlə, Kür çayı sahili boyu Bakı, Yelizavetpol quberniyalarında uzunluğu 500 verstolan ümumi suvarma sistemi meydana çıxa bilər”... Bücür kanalların çəkilməsi dərhal Kür vadisinin fizionomiyasını dəyişdirəcəyini, ilan mələşən çöllərdən ceyranlar gəzişən oylaqlara çevriləcəyini söyləyir. Təbiətin yaşıllığa qərq edilməsi, olanların qorunması, səhraların yaşıllaşdırılması, gül-çiçəyə bələnməsi üçün H.Zərdabi qələmindən, alim sözünün imkanlarından maksimum istifadə edirdi.

Böyük təbiətşünas alimi narahat edən məsələlərdən biri də Bakının yaşıllaşdırılması ilə bağlı idi. O, təbii yolla meşənin, yaşıllığın bərpa edilməsinin mümkün olmadığı hallarda süni meşə massivlərinin, yaşıllığın salınmasını vacib sayırdı.

“Bizim Badikubə uyezdinin qumunu və küləyini görən kəs fikir edir ki, hər yerdə meşə salmaq olsa da, burada olmaz. Əlbəttə, bizim xəzri küləyi və susuzluq, təzə əkilmiş ağacları qurudub tələf edər. Amma insan elm səbəbilə sahibi-dünya olduğundan, nəinki xəzriyə və susuzluğa, bəlkə hər şeyə əlac tapar. H.Zərdabi Abşeron havasını sağlamlaşdırmaq üçün küləklərin, quraqlığın, susuzluğun, qum hərəkətinin qarşısını almaq üçün bu mühitə uyğun ağacların əkilməsini vacib sayırdı. O, otlardan, ağaclardan yaşıl sipər çəkməyin vacibliyini qeyd edirdi. Hələ “Əkinçi” qəzetində yazdığı məqalələrdə Zərdabi qeyd edirdi: “Belə ağacları bitirməyin zəhməti çoxdur. Onları quyu suyu ilə vaxtında sulamaq lazımdır. Amma bu zəhməti qəbul edib, onları bitirəndən sonra, onların kölgəsində təzə ağaclar əkməklə tamam Badikubə uyezdini bağat etmək olar. O vaxt xəzrinin qumundan və susuzluqdan xilas olarıq, yerlərimiz abad və bədənimiz sağ olar”.

Yer üzündə artan insani amillər texnologiyanın son imkanlarından istifadə edib təbiətimizin qorunmasına kömək etməlidir. Həsən bəy Zərdabinin bu və digər təbiət hadisələri və fəsadları ilə bağlı narahatlığına təbiətin böyük dostu fədakar alim akademik Həsən Əliyev qələmi və əməliylə cavab vermişdir. İki böyük mütəfəkkir, iki yorulmz alim, iki Həsən- biri keçən əsrin əvvəlində, digəri sonunda-təbiətimizin, ekologiyamızın mübariz qoruyucuları və tədqiqatçıları olmuşlar. Nə yaxşı ki, müstəqil dövlətimizin, onun rəhbərliyi

bu yolda var qüvvlərini əsirgəmir, təbiətimizin qorunmasına dövləti dəstək verirlər. Ulu Öndər Heydər Əliyevdən başlayan fundamental fəaliyyəti cənab Prezidentimiz İlham Əliyev davam etdirir. Təbiətimiz və ekologiyamızla bağlı qəbul edilən dövlət proqramları, qərar və sərəncamlar xalqımızı, haqlı olaraq, ümidləndirir. Bu həm də böyük təbiət alimi Həsən bəy Zərdabinin xatirəsinə dövlətimizin ehtiramıdır. “Əkinçi”dən başlayan “Ziya”, “Kəşkül”, “Həyat”, “Kaspi”, “Novoye obozreniya”, “Dəbistan”, “Məktəb”... kimi qəzet və jurnallar vasitəsilə mübarizə aparan bu dahi insanın ruhu Azərbaycan təbiətinin canlanması, qorunması, zənginləşməsi ilə rahatlıq tapacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə