Dilənçilik, yoxsa sənət? - SORĞU

Küçə musiqisi ilk növbədə sənətçinin öz istedadını və performansını göstərmək üçün kütləyə hesablanan çıxışın ən sadə və asan üsuludur. Təbii ki, istedadlı musiqiçidən söhbət gedir. Əgər istedadını və həyatını musiqiyə bağlayan bir musiqiçi gün ərzində seçdiyi repertuarı uğurlu performansla ortaya qoyacaqsa, artıq bu sözün əsl mənasında sənətdir. Əgər bu, sadəcə ac qalmamaq üçün musiqiçinin alətdən istifadəsidirsə, o zaman söhbət sənətdən deyil, sərt şəkildə desək, dilənçilikdən gedir. Küçə musiqiçisinin sənətinə kütlə tərəfindən ən düzgün reaksiya və mesaj musiqiçinin alət çantasına atılan və atılmayan pullarla ölçülür. Estetik zövqü oxşamayan musiqiyə adətən pul atılmaz. Musiqi bəyənilmədən musiqi alətinin qabına atılan pul, dilənçiyə verilmiş kimidir. SİA şəhər sakinləri arasında mövzu ilə bağlı sorğu keçirib.

Şəhər sakini, musiqiçi Vasif Hüseyn: "İnsanlar belə musiqiçilərə dilənçi kimi baxırlar. Amma mən bir musiqiçi kimi baxsam da, professional deyil deyə, düşünürəm. Avropada, Amerikada peşəkardır. Çünki onlar öz albomlarını qoyub özlərini təqdim edirlər ki, kimdirlər. Bizdə amma bu yoxdur".

Şəhər sakini Arzu Həsənova: "Mənim münasibətim çox pisdir. Məncə, küçə musiqisi əsl sənət deyil. Hər sənətin öz gözəlliyi var. Küçədə sənət sevmirəm".

Şəhər sakini Nəzrin Məmmədzadə: "Məncə, küçə musiqisi sənətdir. Çünki istedadları var. Təbii ki, ehtiyacları da var deyə, pul alırlar. Məcburiyyət də ola bilər. İstedadlarını pula çevirirlər deyə bilərəm. Bizim cəmiyyətin küçə musiqiçilərinə münasibəti dünyaya baxanda daha pisdir. Biz hər yaxşı şeydə pis nəsə görürük".

Şəhər sakini Sofiya Dadaşzadə: "Məncə küçə musiqisi sənətdir. Bu sənət bütün dünyada üstün hesab olunur. Mən belə fikirləşirəm ki, Azərbaycanda da inkişaf edib".

Şəhər sakini Əzizə Əliağayeva: "Mən küçə sənəti hesab edirəm. Küçə musiqisi xaricdə də inkişaf edən istiqamətdir. Azərbaycanda da inkişaf edir. Sadəcə olaraq Azərbaycanda mentalitetə uyğun olaraq bir az problemlər olur. Amma sənətdir".

Şəhər sakini Cavid Əlizadə: "Yayda daha çox görünürlər, qışda isə soyuqla əlaqədar az görürəm. Mən isə tar ifa edirəm. Milli musiqiyə həvəsim var. Küçə musiqisi sənət deyil".

Şəhər sakini Rəsul Quliyev: "Metro və keçidlərdə daha çox rast gəlinir. Məncə, bir az narahatlıq yarada bilər. Çünki bizim mədəniyyət evlərimiz var. Orada da yetərincə musiqi səslənir. Azərbaycanın onsuz da musiqi mədəniyyəti, musiqi təhsili çox yüksək səviyyədədir. Bunu metroda, keçidlərdə səsləndirmək düzgün deyil. Bu, sənət də deyil. Turistlər yaxınlaşır, dinləyir, amma keçidlərdə o qədər də yaxşı görünmür".

Şəhər sakini Turan Eldarov: "Məncə, həqiqətən də, istedadlı uşaqlar var. Şəhərin mərkəzində bir neçə küçə musiqiçisini şəxsən tanıyıram, həqiqətən, istedadlıdırlar. Sadəcə irəli getmək üçün birinci növbədə şansları gətirməlidir, sonra da tanıdıqları və onlara dəstək olan şəxslər olmalıdır. Mənə görə, əsl sənət hesab oluna bilər. Azərbaycanda son 3-5 ildə daha çox inkişaf edib".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə