”Dələduzluq mülkiyyət əleyhinə yönəlmiş cinayətlərin ən çox yayılan növlərindən biri olmaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (CM) 178-ci maddəsində nəzərdə tutulmuşdur”. Bu sözləri SİA-ya açıqlamasında Vəkillər kollegiyasının üzvü, Bakı şəhəri 31 saylı Vəkil Burosunun vəkili Aysel Əhmədova deyib.
Aysel Əhmədova sözlərinə belə davam edib: “Başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir.
Qeyd edək ki, dələduzluq cinayətlərinə dair işlər üzrə vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu 11.06.2015-ci il tarixli “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Qərar qəbul etmişdir. Həmin Qərarın 1-ci bəndinin 2-ci abzasına əsasən “Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun".
Göründüyü kimi dələduzluq cinayətinin üsulları aldatma və etibardan sui-istifadə etmədir. Bu zaman aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür.
Etibardan sui-istifadə etmə dedikdə isə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür.
Dələduzluğun törədilməsi zamanı aldatma və ya etibardan sui-istifadə etmə yalnız bunu dərk edərək əmlakı və ya əmlaka olan hüququ təqsirkara könüllü olaraq vermiş fəaliyyət qabiliyyətli şəxsə qarşı tətbiq edilə bilər. Bu baxımdan müəyyən səbəblərdən (məsələn, azyaşlı, alkoqol və narkotik sərxoşluğu vəziyyətində olması, psixikasının pozulması və sair) baş verən hadisələrin mahiyyətini, yəni əmlakının əlindən çıxmasını dərk edə bilməyən şəxsin aldadılaraq əmlakının ələ keçirilməsi dələduzluq yox, oğurluq (CM-nin 177-ci maddəsi) kimi qiymətləndirilməlidir”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə