“Azerbaijan Fashion Week” moda həftəsi dekabrın 8–9-da Bakıda keçiriləcək 19-cu mövsümünün açılışını elan edir. Regionun ən böyük moda tədbiri istedadlı dizaynerləri, stilistləri, bayerləri və media peşəkarlarını ənənəvi olaraq bir araya gətirir və onlara kolleksiyalarını təqdim etmək, təcrübə mübadiləsi aparmaq və moda dünyasında yaradıcılıqlarını irəli çəkmək üçün unikal bir platforma yaradır.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, 19-cu mövsümün konseptual xəttini “Böyük İpək Yolunda” (On the Great Silk Road) mövzusu təşkil edəcək. Bu mövzu Azərbaycanın Şərqlə Qərb arasında mədəni, iqtisadi və nəqliyyat sahəsində qarşılıqlı əlaqənin müasir mərkəzi kimi strateji baxışını əks etdirir. Həmçinin, ölkənin nəqliyyat, mədəniyyət və beynəlxalq əməkdaşlıq sahələrindəki təşəbbüsləri ilə, o cümlədən Avropa ilə Asiya arasında əsas marşrutlardan biri olan Orta Dəhlizin gücləndirilməsi istiqamətində atılan addımlarla səsləşir.
Dekabrın 8-də Bakı Konqres Mərkəzində proqramın əsas tədbiri “Oriental Fashion Show” (Paris) Şərq geyimi festivalı olacaq. Bu nümayiş İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən təşkil olunan “Bakıda Yaradıcılıq Həftəsi” mədəniyyət festivalı çərçivəsində keçiriləcək.
Nümayiş İslam dünyasının zəngin irsinə həsr edilən genişmiqyaslı mədəni layihə olacaq. Konsepsiyanın əsasını ənənəvi bədii elementlərin müasir moda prizmasından yenidən düşünülmüş forması təşkil edir.
“Oriental Fashion Show” İslam ölkələrinin kreativ yaradıcılıq sənayelərini birləşdirən və mədəni mübadilə üçün yeni üfüqlər açan beynəlxalq platformadır.
Qeyd edək ki, “AFW”nin tərəfdaşı “Oriental Fashion Show”nun (Paris) təsisçisi Hind Cudardır.
Tədbirin proqramında həmçinin yerli və xarici dizaynerlərin kollektiv nümayişləri, eləcə də trend müəllif xətlərinin xüsusi təqdimatları nəzərdə tutulur.
19-cu mövsümün əsas məkanları dekabrın 8-də Bakı Konqres Mərkəzi, dekabrın 9-da isə Daş Salnamə Muzeyi olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB