"Müharibələr ayrı-ayrı ölkələr üçün geniş geosiyasi təsirlər paketidir" - ŞƏRH EDİLDİ

"Dünyada gedən müharibələr ölkələrə yalnız hərbi deyil, həm də siyasi, iqtisadi, sosial və təhlükəsizlik müstəvilərində ciddi təsir göstərir. Bu təsirlərin miqyası hər bir ölkənin coğrafi mövqeyindən, siyasi sistemindən, iqtisadi dayanıqlığından və qlobal proseslərə nə dərəcədə inteqrasiya olunmasından asılıdır". Bu sözləri SİA-ya açıqlamasında politoloq Züriyyə Qarayeva deyib.

Onun sözlərinə görə, müharibələr ilk növbədə regional və qlobal güc balansını dəyişdirir, dövlətləri mövcud xarici siyasət kurslarını yenidən müəyyənləşdirməyə vadar edir:

"Bir çox ölkələr müharibənin tərəflərindən birinə yaxınlaşır, digərləri isə neytrallığı qorumağa çalışır. Bunun nəticəsində yeni ittifaqlar və diplomatik xətt yaranır, dövlətlərin beynəlxalq mövqeyi dəyişir. İqtisadi baxımdan müharibələr ən çox enerji və qida bazarlarında ciddi dalğalanmalara səbəb olur. Xüsusilə böyük istehsalçı ölkələrdə və ya qlobal ticarət yolları üzərində baş verən münaqişələr enerji qiymətlərini artırır, logistika xətlərini pozur və inflyasiyanı yüksəldir. Bu təsirlər inkişaf etmiş ölkələrdə iqtisadi yavaşlamaya, inkişaf etməkdə olan ölkələrdə isə daha ağır nəticələrə – ərzaq çatışmazlığına, qiymət artımına və valyuta təzyiqinə gətirib çıxarır. Müharibə riskləri həmçinin xarici investisiyaları azaldır, kapitalın daha təhlükəsiz regionlara yönəlməsinə səbəb olur.

Təhlükəsizlik baxımından, müharibələr ölkələri daha çox silahlanmağa və müdafiə büdcələrini artırmağa məcbur edir. NATO ölkələri, Asiya-Sakit Okean regionu dövlətləri və Yaxın Şərq ölkələrində hərbi xərclər rekord səviyyəyə çatır. Bununla yanaşı, münaqişələrin yaratdığı qaçqın axınları sosial və humanitar problemləri gücləndirir, dövlətlərin daxili sabitliyinə təsir edir, cəmiyyətlərdə radikallaşma riskini artırır. Bəzi ölkələrdə qaçqınların yerləşdirilməsi siyasi gərginlik yaradır və hökumətlərin daxili siyasətini dəyişdirir. Nəticə olaraq, dünyada baş verən müharibələr ayrı-ayrı ölkələr üçün təkcə münaqişə bölgəsinin problemi deyil, geniş geosiyasi, iqtisadi və sosial nəticələr doğuran çoxşaxəli təsirlər paketidir. Bu təsirlər bəzən birbaşa, bəzən dolayı şəkildə hiss olunur, lakin istənilən halda qlobal mühitdə sabitlik və inkişaf perspektivlərini dəyişdirir".

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə