Azər Əliyev müdafiə və təhlükəsizlik sahəsində topoqrafik xəritələrin əhəmiyyətindən danışıb

Hazırda Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Xəritəçilik İşçi qrupunda ortaq şərti işarələrin hazırlanması üzrə işlər davam edir. Məqsədimiz vahid standartlara cavab verən ümumi xəritə yaratmaqdır. Bununla yanaşı, TDT-yə üzv ölkələrin müxtəlif sahədə o cümlədən inzibati, tarixi, mədəni, turizm sahələrini əhatə edən tematik xəritələrin hazırlanması da Türk dünyasının tanıdılması və əlaqələrimizin inkişafına dəyərli töhfə vermiş olacaq. SİA xəbər verir ki, bunu Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Əməliyyat Baş İdarəsinin rəisi general-leytenant Azər Əliyev Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Xəritəçilik İşçi qrupunun 2-ci iclasında çıxışı zamanı deyib.

Müdafiə və təhlükəsizlik sahəsində topoqrafik xəritələrin əhəmiyyətini xüsusi qeyd edən A.Əliyev bildirib: "44 günlük Vətən müharibəsi zamanı xəritəçiliyin döyüş fəaliyyətlərinin idarə edilməsində xüsusi rolu və yeri hamı üçün bir daha bəlli oldu. Müasir müharibələrdə yüksəkdəqiqlikli silahların, elektron idarəetmə sistemlərinin, pilotsuz uçuş aparatlarının tətbiq edildiyi bir şəraitdə dəqiq topoqrafik xəritələr, peşəkar şəxsi heyət olmadan qələbə qazanmaq qeyri-mümkündür. Bu, bir daha xəritəçi mütəxəssislər üzərinə nə qədər böyük məsuliyyətin düşdüyünü, döyüş tapşırığının icrasında onların ciddi rol oynadığını göstərir. Əldə edilən təcrübə əsasında 2021-ci ildə Müdafiə Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə hazırladığı texniki tapşırığa uyğun olaraq Geodeziya və Kartoqrafiya Agentliyi tərəfindən dünya geodeziya koordinat sisteminə əsaslanan yeni topoqrafik xəritələrin hazırlanmasına start verilib. Bu il proses müvəffəqiyyətlə başa çatdırılıb".

Bütün xəbərlər Facebook səhifəmizdə