Papa Avropa və Amerikanı müsəlmanlardan qorxmamağa çağırıb və...

Livanı nümunə kimi göstərib..

...SİA-nın əldə etdiyi məlumata görə, Vatikan xəbərlərinə istinad edən “Russkaya liniya” xəbər verir ki, Papa XIV Leo avropalıları müsəlmanlardan qorxmamağa çağırıb və Livanı müxtəlif dinlərə mənsub insanların necə dinc yanaşı yaşadığına nümunə kimi göstərib.

...Siz indicə müxtəlif dünyalar arasında körpülərin qurulmasının davam etdirilməsinin vacibliyindən danışdınız. Mən soruşmaq istərdim: Avropadakı bəzi katoliklər İslamın Qərbin xristian kimliyini təhdid etdiyinə inanırlar. Onlar haqlıdırlarmı və siz onlara nə deyərdiniz?, - deyə La Croix jurnalisti Maykl Korre Papadan soruşub.

...Türkiyə və Livanda olduğum müddətdə, o cümlədən bir çox müsəlmanla etdiyim bütün söhbətlər sülh və fərqli dinlərə mənsub insanlara hörmət mövzusuna həsr olunmuşdu. Bilirəm ki, bu, həmişə belə olmayıb. Bilirəm ki, Avropada tez-tez qorxular yaranır və bu, tez-tez immiqrasiyaya qarşı çıxan və başqa ölkədən, başqa dindən, başqa irqdən olan insanları ölkədən uzaqlaşdırmağa çalışan insanlar tərəfindən qızışdırılır.

...Və bu mənada deyərdim ki, hamımız birlikdə çalışmalıyıq. Bu səfərin məqsədlərindən biri dünyanın diqqətini müsəlmanlar və xristianlar arasında dialoqun və dostluğun mümkün olduğuna yönəltməkdir.

Papa XIV Leo müxbirə bildirib ki, Livanın dünyaya verə biləcəyi ən vacib dərslərdən biri İslam və Xristianlığın birgə yaşadığı və bir-birinə hörmət etdiyi, birlikdə yaşamağın və dost olmağın mümkün olduğu bir ölkəni göstərməkdir.

O, İsrail ordusu tərəfindən kəndləri dağıdılan xristianlar və müsəlmanlar arasında qarşılıqlı yardım hekayələrini misal gətirib; onlar birləşib birlikdə çalışıblar.

...Düşünürəm ki, bu dərsləri həm Avropada, həm də Şimali Amerikada eşitmək faydalı olardı. Bəlkə də bir az daha az qorxmalı və həqiqi dialoq və qarşılıqlı hörmət qurmağın yollarını axtarmalıyıq, - deyə Papa vurğulayıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə