DİQQƏT: Avtomobillərə verilən etibarnamələr ləğv olunur? - EKSPERTLƏR DANIŞDI

Məlumdur ki, avtomobil idarə etmək üçün verilən etibarnamələrin ləğv olunması müzakirə edilir. Bəs, bu halda ailə fərdlərinə etibarnamə verməyə ehtiyac qalmayacaq? SİA mövzu ilə bağlı nəqliyyat ekspertlərinin fikirlərini öyrənib.

Nəqliyyat eksperti Elməddin Muradlı: "Etibarnamə ilə bağlı hələlik hər hansı bir yenilik gözlənilmir. Amma biz də arzulayırıq ki, bu etibarnamə mövzusu artıq qapansın. Niyə? Çünki bununla bağlı çox ciddi narahatlıq və narazılıq var. Artıq Daxili İşlər Nazirliyi "e-polis" xidmətini istifadəyə verib. Kim hansı avtomobili idarə edirsə orada qeydiyyatdan keçə bilir, seçim edə bilir və polis də həmin vaxt başa düşür ki, bu maşın hansı saatda kimdə olub. Yəni bu cür vasitələrdən istifadə edilirsə, demək ki onların aşkara çıxarılması da tam olaraq mümkündür. Yəni avtomobili kim sürüb, cərimə kimə getməlidir, bunlar aydınlaşdırıla bilər. O ayrı məsələdir ki, etibarnamə bir biznes məsələsidir, notariusların qazanc yeridir, gəlir mənbəyidir. Amma insanlar bundan əziyyət çəkirlər. Etibarnamə artıq etibarsız bir sənəd olub. İnsanlar da bundan ruhlanırlar, geniş istifadə edirlər və sonra onların əziyyəti yerdə qalır. O baxımdan mənim fikrimcə etibarnamə məsələsi tam olaraq aradan qalxmalıdır.

O ki qaldı ailə üzvləri arasında necə ola bilər? Ümumiyyətlə, ailə üzvlərinin də, digərlərinin də heç bir etibarnamə istifadə etmədən nəqliyyatı vasitələrini idarə etmək imkanı yaradılmalıdır. Dediyim kim, artıq elektron imkanlar genişdir və bir dəqiqə içində insanlar bəyan edə bilir ki, hal-hazırda mən filan maşını idarə edirəm. Yəni, bunu etməsi qarşı tərəfin istəyi ilə olacaq. Təbii ki avtomobil kimin adınadırsa onun istəyilə olmalıdır. O şəxs tələb edir ki, sən qeydiyyatdan keç və o müddət ərzində törətdiyin xətalarla bağlı cərimələr sənə gəlsin. Yəni mənim üçün bir başağrısı olmasın. O da qeydiyyatdan keçir, hər iki tərəf bunu elektron qaydada təsdiqləyir və artıq avtomobili idarə etmək imkanı yaranır. Bu anlamda mənim fikrimcə bu məsələ öz həllini tapmalıdır, yaranan belə problemlərin fonunda hətta düşünürəm ki, gecikmişik".

Nəqliyyat eksperti Aslan Əsədov: "Bu məsələ zaman-zaman gündəmə gəlir, amma sonra gündəmdən düşür. Yəni əsas məqsəd burada nəqliyyat vasitələrinin birgə istismarına dairdir. Biz bu yöndə 3 məsələyə baxmalıyıq. Birinci məsələ ailə münasibətləridir, ikinci məsələ nəqliyyat vasitələrinin idarə edilməsi, ( yəni, birinci dərəcəli qohumlar, ikinci dərəcəli qohumlar) 3-cü məsələ isə bunu vergi daxili və ya vergi məsələlərinə də aid etmək olar.

Mən deyərdim ki, ailə məcəlləsinə görə ərlə arvadın birgə nigah dövründə əldə edilmiş əmlak ümumi əmlak sayılır və bu əmlakın istismarı birlikdə nigah şəhadətnaməsi ilə, yəni zaksın kağızı ilə bunu hər iki şəxs istifadə edə bilər. Amma nəqliyyat vasitələrini idarə edən zaman yol hərəkəti qaydaları haqqında təlimat bunu özündə ehtiva etmir. Yəni hər bir şəxsin şəxsən nəqliyyat vasitəsini etibar etmək üçün xüsusi bir icazəsi, şəhadətnaməsi olmalıdır ki, o nəqliyyat vasitəsini idarə edə bilsin. Əks halda nəqliyyat vasitəsi yəni tətbiq olunur və duracağa yerləşdirilir.

Üçüncü bir məsələ isə əmlakın vergi uçotunda olub olmamasıdır. Yəni nəqliyyat vasitəsindən istifadə edilən zaman vergi verirmi? Yəni o istismar edilən zaman onun müəyyən gəlirləri və digər fəaliyyətləri varmı? Bu üçüncü məsələdir. Ona görə də bu məsələ qarışıqdır və mən düşünürəm ki, bunun tez bir zamanda həll olunması real görünmür. Çünki vergi tənzimlənməsi olmalıdır, ailədaxili icazələrin, yəni birinci dərəcəli qohumluq şəhadətnamələrin əldə olunması vı s. bunlar hamısı vaxt aparan məsələdir. Bunun ən qısa zamanda həll olunacağına mən ümidlə yanaşmıram. Ümid edək ki belə bir məsələlər tez həllini tapar".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə