Keçmiş ərdən aliment tələb etmək olar? - AYDINLIQ GƏTİRİLDİ

“Azərbaycan Konstitusiyasına görə, ailə dövlətin xüsusi himayəsindədir. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar”. Bu sözləri SİA-ya açıqlamasında Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyinin sədri Fariz Əkbərov deyib.

Onun sözlərinə görə, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar: “Ailə Məcəlləsinə əsasən valideynlər uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlaya bilərlər. Hətta aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda və yaxud valideynlər uşaqları saxlamadıqda, məhkəməyə bu barədə iddia verilmədikdə yerli icra hakimiyyəti orqanı uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir.

Azərbaycan Respublikası Ailə Məcəlləsinin 85-ci maddəsində deyilir ki, Nikah pozulduqdan sonra keçmiş ərin (arvadın) aliment almaq hüququ var.

85.1. Aşağıdakı şəxslər nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdirlər:

85.1.1. hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad;

85.1.2. 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya 18 yaşına çatanadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ümumi uşağa qulluq edən və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad);

85.1.3. nikah pozulana qədər və ya nikah pozulduğu gündən bir il ərzində əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad);

85.1.4. ər-arvad uzun müddət nikahda olmuşlarsa, nikah pozulduğu andan 5 il müddətindən gec olmayaraq pensiya yaşına çatan və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad).

85.2. Alimentin miqdarı və nikah pozulduqdan sonra onun keçmiş ərə (arvada) ödənilməsi qaydası keçmiş ər-arvad arasındakı sazişlə müəyyən edilə bilər. Alimentin ödənilməməsi, məhkəmə qərarını icra edilməməsi cinayət və inzibati məsuliyyəti yaradır. Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçiliyə görə iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır”.

Fariz Əkbərov sözlərinə belə davam edib: “İnzibati Xətalar Məcəlləsinin 528 ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İcra üçün təqdim edilmiş icra sənədinin itirilməsinə, onun vaxtında göndərilməməsinə və ya borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.

İnzibati və cinayət məsuliyyətinə cəlb edilmiş şəxs, cəzasını çəkdikdən sonra aliment ödənilməsini davam etdirməlidir. Məsuliyyətə cəlbetmə heç bir halda aliment öhdəliyini aradan qaldırmır. Aliment öhdəliyinin qəsdən yerinə yetirilməməsi şəxsin valideynlik hüququndan məhrum edilməsi üçün əsas ola bilər. (Ailə Məcəlləsinin 64.0.2)”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə