Gənclər və İdman Nazirliyi, İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumu və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə İslam dünyasının "Gənclər Paytaxtı" olan Şuşa şəhərində beynəlxalq proqram keçirilir.
SİA xəbər verir ki, tədbirdə İslam Əməkdaşlıq Təşkilatına üzv və müşahidəçi ölkələrin 300-ə yaxın rəsmi nümayəndəsi, gənclər və könüllülər iştirak edirlər.
Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Ramil Cabbarov konfransda iştirak edən gənclərə uğurlar arzulayıb. O, Şuşa şəhərinin bu cür mühüm tədbirə ev sahibliyi etməsinin qürurverici olduğunu bildirib.
İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun Təlim və tədris departamentinin direktoru Tuğba Ceren Çerçi Şuşa şəhərində olduğu üçün qürur hissi duyduğunu söyləyib və qonaqpərvərliyə görə Azərbaycana minnətdarlığını çatdırıb: “Proqramın əvvəlindən səylə çalışan bütün təşkilatçılara təşəkkürümü bildirirəm. Eləcə də ölkənizə COP29-da göstərdiyi heyrətamiz işinə görə təşəkkür edirəm. Hesab edirəm ki, orada çalışan insanlar alqışa layiq işlər gördülər".
Mədəniyyət Nazirliyinin Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin nümayəndəsi Ülviyyə Zeynalova da qurum adından gənclərə təşəkkür edib.
"Şuşa Yaradıcılıq Emalatxanası" çərçivəsində bəstəkar-pianoçu Pikə Axundova Azərbaycan muğamını qonaqlara təqdim edib.
İslam dünyasının “Gənclər Paytaxtı”nın bağlanış mərasimi dekabrın 4-də Şuşa şəhərində reallaşacaq.
Xatırladaq ki, 2023-cü ilin oktyabr ayında İƏT Gənclər Forumunun İcraiyyə Şurasının 11-ci iclasında Qarabağın incisi Şuşa şəhəri 2024-cü il üçün İslam Əməkdaşlıq Təşkilatının “Gənclər Paytaxtı” elan olunmuşdu.
Qeyd edək ki, Prezident İlham Əliyev 2024-cü il 17 aprel tarixində “Şuşa şəhərinin 2024-cü il üçün “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə