Azərbaycanla İsveç daha səmərəli əməkdaşlıq etmək istəyir

İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidmətinin rəisi, Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) prezidenti Orxan Nəzərli İsveçin Vergi Agentliyinin baş direktoru xanım Ketrin Vestlinq Palm ilə videokonfrans formatında görüş keçirib. SİA Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, görüşdə ölkələrimiz arasında ikitərəfli iqtisadi münasibətlərin müxtəlif sahələrdə, o cümlədən vergi sahəsində uğurla inkişaf etdiyi bildirilib, görüşün əməkdaşlıq perspektivlərinin müzakirəsi baxımından önəmi qeyd olunub. Qarşılıqlı əlaqələrin gücləndirilməsi sayəsində əldə edilmiş nəticələrdən məmnunluq ifadə edilib.

Görüşdə ölkəmizin IOTA-ya prezidentliyi dövründə müəyyən edilmiş hədəflərin reallaşdırılması müzakirə olunub. Tərəflər IOTA-nın fəaliyyətinin təkmilləşdirilməsinin uzunmüddətli strateji hədəflər və dayanıqlı prinsiplər əsasında həyata keçirilməsi üçün təklifləri nəzərdən keçirib, təşkilatın təşəbbüslərini vergi administrasiyalarının dəstəkləməsi, maliyyələşmə imkanlarını artırması və səmərəli mexanizmlərin rolu barədə fikirlərini bölüşüblər.

Görüşün davamında Dövlət Vergi Xidməti və İsveç Vergi Agentliyinin IOTA çərçivəsində əməkdaşlığının səmərəliliyinin artırılması istiqamətində təkliflər nəzərdən keçirilib. Birgə fəaliyyətin prioritet istiqamətləri, vergi orqanlarının beynəlxalq əlaqələrinin təşviqi sahəsində görülən işlər və perspektiv layihələr barədə müzakirələr aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə