AQTİ-nin laboratoriyası 7 beynəlxalq səriştəlilik sınağında uğurlu nəticə əldə edib
Qida təhlükəsizliyi sahəsində laboratoriya sisteminin inkişafı ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) laboratoriyalarının maddi-texniki bazasının gücləndirilməsi və modernləşdirilməsi istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirilir. Həmçinin laboratoriyalarda qabaqcıl texnologiyaların tətbiqi, səriştəliliyin artırılması üçün kadrların təlimlərdə və beynəlxalq laboratoriyalararası səriştəlilik sınaqlarında iştirakı təmin edilir. SİA xəbər verir ki, həyata keçirilən tədbirlər çərçivəsində AQTİ-nin Kompleks Tədqiqatlar Laboratoriyası (KTL) İngiltərənin “Fapas” şirkəti tərəfindən təşkil olunan 3, “LGC Standards” şirkətinin keçirdiyi 3 və Fransanın “Bipea” şirkətinin təşkil etdiyi 1, ümumilikdə isə 7 beynəlxalq səriştəlilik sınağına qatılıb. Laboratoriya bu səriştəlilik sınaqlarında 7 fərqli nümunənin 46 fiziki-kimyəvi və mikrobioloji parametri üzrə aparılan sınaqlarda uğurlu nəticə əldə edib. Belə ki, KTL “Fapas”ın keçirdiyi enerji içkisində kofeinin təyini, eləcə də bioloji aktiv qida maddəsi nümunəsində arsen, kadmium, mis, dəmir, qurğuşun, manqan, civə, sink, taxıl əsaslı heyvan yemi nümunəsində arsen, qurğuşun, kadmium və civə parametrləri üzrə aparılan sınaqlarda uğur qazanıb. Həmçinin “LGC Standards” tərəfindən təşkil olunan yem nümunəsində arsen, kalsium, dəmir, qurğuşun, magnezium, manqan, fosfor, kalium, natrium, bağırsaq çöpü bakteriyası, Escherichia coli, enterobakteriya, süd turşusu bakteriyası, mezofil aerob və fakultativ anaerob mikroorqanizmi, dərman bitkisi nümunəsində ümumi aerob mikrobların sayı, stafilokok aureus, bağırsaq çöpü bakteriyası, kif, maya, kif və maya, bioloji aktiv qida maddəsi nümunəsində kalsium, magnezium, mis, xrom və manqan parametrləri üzrə həyata keçirilən sınaqlarda uğurlu nəticə əldə edib. Eyni zamanda bu laboratoriya “Bipea”nın keçirdiyi mineral gübrə nümunəsində ümumi fosfor, suda həll ola bilən fosfor, ümumi kalsium, suda həll ola bilən kalsium, nəmlik miqdarı, ümumi kükürd və sink parametrləri üzrə aparılan sınaqlarda uğurlu nəticəyə sahib olub.
Əldə edilən nailiyyətlər KTL-in beynəlxalq standartlara uyğunluğunu və yüksək səriştəliliyini təsdiqləyir. Eyni zamanda laboratoriyanın texniki bacarıqlarını və etibarlılığını gücləndirir, beynəlxalq akkreditasiyadan keçmək imkanlarını artırır.
Qeyd edək ki, KTL bundan əvvəl də beynəlxalq səriştəlilik sınaqlarında uğurlu nəticələr əldə edib. Bu laboratoriyada bioloji aktiv qida məhsullarının, qablaşdırma materiallarının, baytarlıq preparatlarının, yemlərin və aqrokimyəvi maddələrin mikrobioloji, toksikoloji və fiziki-kimyəvi analizləri aparılır. KTL AZS ISO/IEC 17025:2020 “Sınaq və kalibrlənmə laboratoriyalarının səlahiyyətliliyinə dair ümumi tələblər" standartına əsasən Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən akkreditasiyadan keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə