"Uzun müddət hərəkətsizlik insanın məhvinə aparır, tənbəlləşdirir" - MÜNASİBƏT BİLDİRİLDİ

"İndi folklor və etnoqrafik qeydlərdə, şair və yazıçıların əsərlərində epizodik olaraq toxunulan bir çox oyunlar, yarışmalar, idman növləri əslində vaxtilə Azərbaycan insanının, cəmiyyətinin yaratmış olduğu və istər yeni nəslin fiziki sağlamlığına, mənəvi inkişafına təsir göstərmək, istər sosiallaşma və mədəniləşmə, mədəni mühitin formalaşdırılması, istərsə də təhsil və tərbiyənin, əxlaq və mənəviyyatın inkişafı baxımından çox əhəmiyyətli hadisələr idi". Bu sözləri SİA-ya açıqlamasında Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.

O bildirib ki, oyunlar və əyləncəli proqramlar həmişə olub: "Tarixən istər mədrəsə və mollaxanalarda, istər kənd məktəblərində, istərsə də hərbi ordu hissələrində bu oyunlara xüsusi əhəmiyyət veriblər. Şah, xan, bəylərin saraylarında, qoşunlarında, eyni zamanda onlara xidmət edən, onları qoruyan cangüdənlərin arasında tez-tez oyunlar və yarışmalar keçirilirdi.

Uşaqlıqdan müxtəlif yaş qrupu uşaqlar üçün də əyləncəli oyunlar, idman yarışmalarının ilkin variantı sayılan müxtəlif müsabiqələr keçirilirdi. Bu zaman gənclər həm motivasiya olunurdular, həm gələcəyin sağlam nəslini böyütmək üçün, həm də işçi qüvvəsini formalaşdırmaq, orduda əsgərləri, hərbiçiləri pəhləvanları yetişdirmək üçün bundan çox səmərəli istifadə olunub. İndi olimpiya oyunlarına salınan bir çox oyunların əsası məhz Qafqazda, Azərbaycanda, Midiyada, İranda, Bizansda, Türkiyədə qoyulub. Məsələn, "Çövkən", "Çiling ağac", "Bənövşə, bənövşə" kimi, bir çox rəqslərdə qalan yallı, çoban rəqsi və sair, vaxtı ilə müxtəlif yaş qrupları üçün kəşf olunmuş, formalaşdırılmış oyunlar sayılırdı".

"Orta əsrlərdə İslam dininin oturuşmuş və qadın-kişi münasibətlərində fərqlilik olan vaxtlarında toylar və məclislər ayrı idi. İndiki kimi qadın və kişi yasda olduğu kimi toylarda da qadın-kişi məclisi ayrı idi. Kiçik yaşlarında oğlan və qızların birlikdə oynamağına icazə verildiyi bir zamanda uşaq oyunları olan "Beşdaş", "Sümük" oyunu, "At yarışması" və sair tipli oyunlarda qız və oğlan birlikdə oynaya bilirdi. Amma müəyyən vaxt keçdikdən sonra, xüsusilə də 11-12 yaşdan sonra artıq bir insanın cinsi formalaşması dövründə bu oyunlar da ayrılır. Qadınlar üçün ayrıca fala baxmaq, qapı pusmaq, gəlinciklə oynamaq və sair kimi oyunlar, oğlanlar üçün isə ayrıca at çapmaq, güləş, qılınc oynatmaq kimi tamam fərqli oyunlar, oyunlardan sonra daha ciddi, peşəkarcasına yarışlar var idi. Bizim "Çövkən" oyunu, güləş, qol döyüşdürməsi, at yarışması və sair oyunlar, idman növləri Azərbaycanda çox sürətlə inkişaf etmişdi. Bunların məqsədi aydındır. "Sağlam bədəndə sağlam ruh olar" devizi hələ o dövrdə də var idi. Çünki uzun müddət hərəkətsizlik insanın məhvinə aparır, tənbəlləşdirir. Keçmişdə tənbəl insana yaxşı baxmırdılar. Onlar çox böyük ictimai təzyiq və basqı ilə rastlaşırdılar. Kənd yerlərində qəsəbə və şəhərlərdə hər mövsümün öz oyunları var. Oyunların bir hissəsi açıq məkanda, meydanda, Cıdır düzündə, bir hissəsi isə qapalı məkanlarda olurdu. Hətta bildiyim qədərilə məscid və mədrəsələrdə dərs prosesindən sonra müxtəlif yarışlar təşkil olunurdu. Bunların içində həm də sonra böyüdükcə yaş qruplarına aid olaraq meyxanalar, şah saraylarında şairlərin divanı, nağıl, şeir axşamları, poeziya günləri, dastan axşamları, aşıq və muğam gecələri kimi çox maraqlı müxtəlif mərasim və bayram tədbirləri də olub.

Amma əsasən uşaqlıqda təməli qoyulan oyunları var idi ki, bunların bir çoxu sonra müstəqil idman yarışmasına, ya hərbi oyunlara çevrildi. Bu zaman da gənclərimiz, kişi və qadınların bir çox xüsusiyyətlərinin formalaşdırılması üçün oyunlar dəqiqləşdirilib. Məsələn, qızlar üçün ev işləri, kənd təsərrüfatında qadınlara aid olan işlər, mətbəx, tikiş, rəqslə bağlı, əl işləri, şirniyyatla bağlı oyunlar var idi. Onlar bu oyunlar vasitəsilə gələcək həyata hazırlaşdırılırdı. Gəlinciklə oynayan qız gəlin, ana ola bilərdi. İndidən ona əyləncəli formada öyrədilirdi. Oğlanlarla bağlı güləş, at çapmaq, qılınc oynatmaq və sair idman yarışları və ona uyğun oyunlar var idi. Hətta bunlar toylarda və mərasimlərdə də var idi. Toyda saxta xan, yalançı bəy, kosa, keçəl və sair obrazları özündə ifadə edən oyunlar var idi ki, bunlar da gələcəkdə hər hansı bir sahəni seçmək istəyən, hərbiçi olmaq istəyən uşaqları, gəncləri gələcək həyata hazırlamaq üçün düşünülmüş idman oyunları, yarışlardır. Bunlar da cəmiyyətdə ümumi sosial-psixoloji, mənəvi, mədəni bir abu-hava yaradırdı. Cəmiyyətin sivilləşməsində, inkişafında, millətin xalq, millət kimi formalaşmasında çox böyük rol oynayırdı" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə