“ Uşaqlarda davranış pozuntusu var” NEVROPATOLOQ MÜNASİBƏT BİLDİRDİ

“Uşaqlarda nevrozluq yoxdur və daha çox davranış pozuntusu var. Onlarda diqqət cəlb eləmək, davranış pozuntusu, dərslərdən geriqalma, fikir dağınıqlığı, özünü toparlaya bilməmə və s. olur. SİA-ya açıqlamasında nevropatoloq Aytən Quliyeva deyib.

Nevropatoloqun sözlərinə görə, 0-1 yaşlı uşaqları valideynlər gətirirlər və deyirlər: “Uşaq 6 aylıqdır və ağlağandı, qışqırır, özünü sıxır” buna əsəbilik demək olmaz, amma nevroloji müayinə zamanı baxırsız ki, uşaqda ciddi bir problem yoxdur, sadəcə, diqqət cəlb etmək üçün edir. “Uşağın nitqi olmadığı üçün özünü belə ifadə edir. Uşaq ağlayanda onu qucağa tez almaq, sizdən hər hansı bir şeyi istədiyində sizin onu dərhal yerinə yetirməyiniz, uşaqda vərdiş halına çevrilir. 1-3 yaş arasındakı uşaqlar sözə qulaq asmayan sindromu adlana bilər. Yəni, hər şeyə görə ağlayır, əlini başına, divara vura, özünü yerə ata bilər. Əgər ana “olmaz” sözünü tətbiq edərsə, o zaman uşaq daha da qışqırmağa başlayır. Uşağa müalicə olaraq tərbiyəni 0 yaşdan başlamaq lazımdır. Uşaq 3-4 aylıq olduğunda onu taxma adlarla yox, mütləq öz adıyla çağırmalıyıq. Bu dəqiqə uşaq autizmi çox artışdadır. Bunu qapanma kimi də adlandırmaq olar, çünki hər şey sosiallaşıb. Əvvəllər telefon yox idi, hər kəs bir-birinin evinə gedər, söhbət edərdi. Uşaqlara psixoloq məsləhət görməyimizin səbəbi onların bir-biriylə danışması, uşağın özünü ifadə etməsidir. Əsas ünsiyyət qurmaqdır və biz bunu bacarmırıq, əsasən də yeni nəsil. 6 yaşdan sonra uşağa toplar, kubik veririk. Uşağın əlində topun olması onun əlinin inkişafına yardımcı olur. 1-3 yaş arası hər şeyi başa düşən olur və ətrafı anlaya bilir. Televizorda inkişafetdirici nə isə qoya bilərik, şəkilli kitablar ala bilərik, hansı ki, içərisində böyük maşın, gül şəkilləri olsun. Uşaqlara diqqət yetirmək, onları parka, zooparka, müzeylərə aparmaq əsəbiliyin yaranmamasına, fikrini cəmləməyə yardımcı olur”.

O qeyd edib ki, daha çox ünsiyyət, sosial mühit olarsa uşaq ətrafı rahatlıqla sezə bilər: “Uşaqları bağçaya, inkişafetdirici kurslara qoymaq yaxşıdı. Uşaqları nənə-babanın yanına qoyurlar və onlar da çalışır uşağı məmnun eləsin, hər istədiyini eləsin, bunun nəticəsində də uşaqda ərköyünlük yaranır. Sual yarana bilər ki, nə üçün əvvəllər belə deyildik? Çünki bunun səbəbi qıtlıq idi və bir oyuncağı hər kəslə bölüşməli idik. Məsələn, uşaqlara deyirlər: “Sözümə baxsan istədiyini alacam”.

Bu sözü həmişə işlətməkdə düzgün deyil. “Bu gün biz bu şəkildəkiləri öyrənsək gedəcəyik parka və sənə şokolad alacam”, “ Pramidanı yığsan sənə balaca maşın alacam” və s. kimi ifadələr çox işlənir. Uşaqların yanına topları töküb getmək olmaz, ən çoxu 2 ədəd olmalıdır. Uşaq 7-8 ayında oturmağa başlayanda balaca xalça sərib, uşağı onun üstündə otuzdurub 1-2 oyuncaq vermək lazımdır, hətta siz də onun yanında ola bilərsiz.

İndiki uşaqlar 1-2 oyuncaqdan çox tez bezir, çünki ətrafda çoxluq var. Burada bir az psixoloji və nevroloji cəhət var. Hər bir valideyn psixoloq olmalıdır ki, uşaq böyüdükdə onda əsəbilik yaranmasın. 4-5 yaşında uşaqları maarifləndirmək, diqqətini formalaşdırmaq lazımdır. Son vaxtlar belə bir problemlər var ki, ana deyir uşaqlar məktəbə gedir ürəkbulanma, kusma yaranır və bu panik atakın bir qolu kimidir. Bəzi uşaqların öz təbiətində də var, çox sosial deyil, az danışandır. Lakin az danışandan heç danışmayan tamam fərqlidir. Dediyim kimi, hal-hazırda fonda diqqət dağınıqlığı, davranış pozuntusu var. Bacardıqca mütləq telefondan uzaq tutmaq lazımdır. Yeniyetmə dövründə, imtahan ərəfəsində uşaqlarda əsəbilik, narahatlıq, ürək döyüntüsü yarana bilər. Biz məsləhət görürük o, daha çox havada gəzsin, psixoloqa yönəldir və yüngül sakitləşdiricilər tövsiyə edirik. Yeniyetmələr utancaq olurlar və buna görə psixoloqa müraciət etmələrini məsləhət görürük. Bundan əlavə yaddaş pozğunluqlarıyla əlaqədar müraciət edirlər, bunun da səbəbi diqqət dağınıqlığıyla əlaqədərdir və burada əsəbilik əmələ gəlir. Uşaqları idmana, rəqsə, rəsmə, şahmata yönəltmək, planşet, telefondan uzaq tutmaq lazımdır. Bəzən valideynlər deyir: “Çatdırmırıq, proqram ağırdır”. Düzdür, belə hallar da ola bilər, amma imkan tapıb uşaqları mütləq şəkildə belə yerlərə aparmaq lazımdır. Əvvəllər hər kəsi musiqiyə qoyurdular ki, piano öyrənsinlər. Bunlar diqqəti toplamaq üçün müalicə üsulu hesab etmək olunur. Böyüklərdə olduğu kimi, bu aralar uşaqlarda da panik ataka rast gəlinir.

Müəllif: Sevilin Abbasova

Bütün xəbərlər Facebook səhifəmizdə