"Rəsmi Vaşinqton münaqişənin həllində irəliləyişə nail ola bilməyib"

Donald Trampın ABŞ Prezidenti kimi fəaliyyətindən 100 gün ötsə də, rəsmi Vaşinqton Ukrayna-Rusiya münaqişəsinin həllində irəliləyişə nail olmayıb. Tramp administrasiyasının münaqişənin həlli istiqamətindəki cəhdləri hələ ki uğursuzluğa düçar olub.

Tramp 30 günlük atəşkəsə nail ola bilmədi. Onun irəli sürdüyü birbaşa sülh təklifinin müddəaları anlaşılmazlıq, etiraz yaratdı. Artıq ABŞ rəsmiləri atəşkəs əldə olunmayacağı təqdirdə vasitəçilikdən imtina ediləcəyinə dair bəyanatlar da səsləndirirlər. ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens Vaşinqtonun sülh planı qəbul edilmədiyi halda vasitəçilikdən imtina edəcəyini bildirib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu məsələni şərh edən ukraynalı ekspert Oleksiy Buryaçenko bildirib ki, hazırda iki varianta baxıla bilər: “Birinci variant odur ki, Donald Tramp həqiqətən müharibənin tənzimlənməsində, uzunmüddətli atəşkəsin əldə olunmasında öz siyasi ambisiyasına nail ola bilməyəcək. Hadisələrin inkişafının ikinci variantı isə Trampın Rusiya-Ukrayna müharibəsinin tənzimlənməsində mübarizəsini davam etdirməsidir. Sözün açığı, mən ikinci variantı daha real və prioritet kimi görürəm. Çünki Tramp prezidentlik müddətinin 100-cü günündə belə münaqişənin həlli məsələsində özünü küncə sıxmadı. Sadəcə ötən müddətdə Tramp anlamadı ki, Rusiya siyasi şərt olmadan atəşkəsin əldə olunmasını istəmir. Tramp hazırda Rusiyanın münaqişənin həllində manipulyasiya etdiyini anlayıb. Trampın Rusiyaya güc tətbiq etməməklə Vaşinqton və Moskva arasında danışıqlara başlaması səhv addım idi. Ona görə də Avropa ölkələri, “istəklər koalisiyası” münaqişənin həllində maraqlı tərəfə çevrildilər. Sözsüz ki, onlar Ukraynanın fikirlərini qəbul edirlər”.

Oleksiy Buryaçenko Amerikanın münaqişənin həllində danışıqlardan çıxacağını real görmür. Çünki belə bir addım rəsmi Vaşinqtonun nüfuzuna ciddi xələl gətirər.

“Təəssüf ki, Ukrayna tərəfinin uzunmüddətli atəşkəsə hazır olmasına dair bəyanatı və buna adekvat olaraq Rusiya tərəfinin də hazır olmasına dair çağırışı ABŞ tərəfindən zamanında qəbul edilmədi. Danışıqların ilk günlərində ABŞ və Rusiya öz geosiyasi maraqları fonunda Ukraynanı fakt qarşısında qoymaq istədilər, lakin alınmadı. Vaşinqtonun xoşuna gəlməsə də, Ukrayna Prezidenti Zelenski Ağ evdə Trampla ilk görüşündə həqiqətləri açıqladı. Artıq tərəflər anladılar ki, onların danışıqlar strategiyası uğursuz alındı. Ancaq ABŞ-ın danışıqlardan çıxacağına inanmıram, bu, Ağ evin zəifliyini göstərər və onlara sərfəli deyil. Bununla ABŞ tərəfdaşları, beynəlxalq aktorlar, Avropa İttifaqı anlayacaq ki, Tramp administrasiyası özünün xarici siyasi tələblərini reallaşdırmaqda acizdir. Xüsusilə, Tramp Rusiya-Ukrayna münaqişəsinin həllini öz üzərinə götürdüyünü bəyan etmişdir. Sadəcə münaqişənin həllində Avropa ölkələrinin vasitəçiliyi də əlavə olunacaq. Danışıqlar yeni formatda - ABŞ-Avropa ölkələri-münaqişə tərəfləri formatında davam edəcək”, - deyə ukraynalı ekspert əlavə edib.

Fakt ondadır ki, prezidentliyinin 100-cü günü Tramp əliboş qarşıladı. Ən əsası dünya Ukraynada gözlədiyi sülhə nail ola bilmədi. Mürəkkəb bir vəziyyət yaranıb. Növbəti 100 gününə Tramp hədəflərinə çata biləcək, yoxsa yenə vədləri söz olaraq qalacaq?

Bütün xəbərlər Facebook səhifəmizdə