“Onun Azərbaycana səfəri məhz bu proqnozların doğruluğunu təsdiq edir” - MÜNASİBƏT BİLDİRİLDİ
“Mən dəfələrlə demişəm ki, Avropa İttifaqının bəzi siyasətçilərinin və başda Fransa olmaqla bir neçə Avropa dövlətlərinin liderlərinin bu günə qədər Azərbaycan qarşı apardığı qeyri-obyektiv, hətta deyərdim qərəzli davranışı öz “nəticəsini” verəcək. Yəni bu münasibət əlbəttə ki, ilk növbədə Avropanın özünə ziyan vuracaq. Belə ki, Qərbin bəzi siyasətçiləri və dövlət rəsmilərinin ikili standartlara əsaslanan, qeyri-obyektiv və riyakar mövqeləri fonunda Azərbaycan daha uğurlu siyasi diplomatiya nümayiş etdirərək yeni, daha etibarlı və perspektivli tərəfdaşlıqlar qurur. Bu isə, onsuz da müxtəlif istiqamətlərdə nüfuz və təsir imkanlarını zəiflədən Avropa İttifaqının rəhbər strukturlarını yenidən düşünməyə və mövqelərini nəzərdən keçirməyə vadar edəcək”. Bu sözləri SİA-ya açıqlamasında Cəmiyyətin İnkişafı Mərkəzi İctimai Birliyinin sədri Əhməd Abbasbəyli söyləyib.
Əhməd Abbasbəyli sözlərinə belə davam edib: “Artıq Avropa siyasətini formalaşdıranlar gələcəkdə seçim qarşısında qalacaqlar: ya primitiv və iylənmiş “xristian təəssübkeşliyi” yanaşmasını davam etdirməli, ya da obyektiv və ədalətli mövqe sərgiləyərək, həm iqtisadi, həm siyasi cəhətdən güclənən Azərbaycan kimi önəmli aktorla əməkdaşlığın vacibliyini qəbul etməlidirlər. Çünki bugünkü qlobal reallıq onu göstərir ki, çoxqütblü dünyada siyasi uğur çevik, balanslı və qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıqdan keçir. Azərbaycan isə məhz bu siyasətin uğurlu modelini nümayiş etdirərək həm regionda, həm də beynəlxalq miqyasda öz nüfuzunu artırır.
Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Azərbaycana səfəri məhz bu proqnozların doğruluğunu təsdiq edir. Hesab edirəm ki, bu səfər Aİ rəsmilərinin bu günədək həyat keçirdikləri yalnış Cənubi Qafqaz siyasətinə yenidən baxmaq və korrektə etmək üçün şans və başlanğıc ola bilər. Üstəlik Avropanın bir çox ölkələrinin Azərbaycanla birgə həyata keçirdikləri enerji layihələrinin vacibliyini nəzərə alsaq bu məsələlərin aktuallığı və qaçılmazlığı daha da artır”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə